Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vətən sərhəddən başlayır. Yolboyu uzanan tikanlı məftillər dövlətimizin təhlükəsizliyinin, müstəqilliyinin və suverenliyinin görünən sipəridir. Biz rahatlıqla evimizdə yaşayır, gündəlik həyatımızı davam etdiririk. Çünki Vətənin sərhədləri etibarlı əllərdədir. Bu sipərin keşiyində gecə gündüz ayıq sayıq dayanan qəhrəman Azərbaycan sərhədçiləri dururlar. Onların hər gün, hər saat daşıdığı məsuliyyət milyonlarla insanın təhlükəsizliyinə bağlıdır.
Kiminsə dövlət sərhədimizi pozmağa cəhd göstərməsi sərhədçilərimizin sayıqlığı, cəsarəti və qətiyyəti ilə qarşısı alınan təhlükəyə çevrilir. Sərhəd xəttində xidmət aparan hər bir hərbçi bilir ki, onun qarşısında dövlətin müqəddəs sərhədi dayanır. Azərbaycanın dövlət sərhədi milli təhlükəsizliyin, suverenliyin və ərazi bütövlüyünün etibarlı sipəridir. Bu sipərin keşiyində dayanan sərhədçilər üzərlərinə düşən vəzifəni yüksək məsuliyyət, peşəkarlıq və qətiyyətlə yerinə yetirirlər.
Günün hər saatı sərhəd xəttinə nəzarət davam edir. Müasir texnologiyalar, müşahidə və gecəgörmə vasitələri, operativ idarəetmə imkanları sərhədçilərə müxtəlif şəraitlərdə xidməti tapşırıqları dəqiqliklə yerinə yetirməyə imkan verir. Lakin sərhədin etibarlı qorunmasının arxasında ilk növbədə insan iradəsi dayanır. Texniki imkanlar sərhədçinin hazırlığı, sayıqlığı və peşəkarlığı ilə tamamlanır. Ayıq xidmət, möhkəm iradə və Vətənə sonsuz sədaqət dövlət sərhədinin qorunmasının əsas dayaqlarıdır.
Gecənin dərin sükutu sərhədçilərin diqqətini bir an da zəiflətmir. İstənilən hava şəraiti, çətin relyef, sərt iqlim və məhdud görünmə xidməti dayandırmır. Hər müşahidə, hər məlumat, hər qərar böyük məsuliyyət daşıyır. Sərhəd xəttinin hər qarışı nəzarətdə saxlanılır. Çünki sərhədçi yaxşı bilir ki, onun xidmətində bir anlıq diqqətsizliyin belə ağır nəticəsi ola bilər.
Bu fədakar xidmət Azərbaycanın sabitliyinə, vətəndaşlarımızın təhlükəsiz həyatına və dövlət sərhədlərinin toxunulmazlığına xidmət edir. Sərhədçi Vətən qarşısında məsuliyyətin ağırlığını hər gün öz üzərində daşıyan hərbçidir. Onun xidməti sədaqət, mətinlik, cəsarət və sarsılmaz iradə tələb edir.
Azərbaycan sərhədçilərinin bu keyfiyyətləri Vətən müharibəsi günlərində daha böyük miqyasda üzə çıxdı. 44 günlük Vətən müharibəsi Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin yüksək döyüş hazırlığını, peşəkarlığını, əzmini və Vətənə bağlılığını nümayiş etdirdi. Sərhədçilərimiz Vətənin müdafiəsinə qalxaraq döyüş meydanında qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində böyük rəşadət göstərdilər.
Dövlət Sərhəd Xidmətinin rəisi, general polkovnik Elçin Quliyevin rəhbərliyi ilə sərhədçilərimiz müharibənin ağır sınaqlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin etimadını tam doğruldaraq üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər. Peşəkarlığı, yüksək intizamı və döyüş qabiliyyəti ilə sübut etdilər ki, onlara göstərilən etimadın arxasında böyük hazırlıq, ciddi məsuliyyət və Vətənə sədaqət dayanır. Sərhəd Xidmətinin illər ərzində formalaşdırdığı peşəkar hazırlıq, yüksək intizam və döyüş qabiliyyəti Vətən müharibəsinin müxtəlif istiqamətlərində özünü aydın şəkildə göstərdi. Sərhədçi həmin günlərdə sərhədi qoruyan hərbçidən Vətənin azadlığı uğrunda döyüşən əsgərə qədər böyük bir məsuliyyət yolunu keçdi.
Xüsusilə Arazboyu istiqamətdə həyata keçirilən əməliyyatlar Azərbaycan sərhədçilərinin döyüş salnaməsində xüsusi yer tutur. Sərhədçilərimizin irəliləməsi, işğal altında olan ərazilərin azad edilməsi və dövlət sərhədinin mühüm hissəsində Azərbaycan bayrağının yenidən ucaldılması illərlə gözlənilən tarixi günlərin gerçəkləşməsinə xidmət etdi. Uzun illər Vətəndən ayrı düşmüş sərhəd torpaqları yenidən öz dövlətinə qovuşdu.
Həmin döyüşlərdə sərhədçi üçün qarşıda torpaq, arxada Vətən vardı. Hər addımın arxasında illərlə davam edən həsrət, hər əməliyyatın arxasında dövlət sərhədinin bərpası, hər qələbənin arxasında xalqın böyük arzusu dayanırdı. Azərbaycan sərhədçisi həmin tarixi missiyanın iştirakçısı oldu və öz peşəkarlığını, cəsarətini, iradəsini döyüş meydanında göstərdi.
Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Ordusunun qəhrəmanlığı ilə tarixə yazıldı. Bu Zəfərin əldə olunmasında Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin də xüsusi döyüş xidməti və fədakarlığı var. Sərhədçilərimiz Vətənin müdafiəsinə öz xidmət sahələrindən baxmadılar. Onlar Vətənin harada təhlükə ilə üzləşdiyini gördülərsə, orada öz hərbi borclarını yerinə yetirdilər.
Bu gün də Azərbaycan sərhədçisi Vətənin keşiyindədir. Müharibənin yaratdığı yeni reallıqlar şəraitində dövlət sərhədinin mühafizəsi qarşısında duran vəzifələr daha geniş məsuliyyət tələb edir. Sərhədçilərimiz müasir texnologiyalardan, peşəkar hazırlıqdan və illər ərzində qazanılmış döyüş təcrübəsindən istifadə edərək dövlət sərhədinin etibarlı mühafizəsini təmin edirlər.
Bizim rahatlığımızın arxasında onların ağır xidməti dayanır. Biz gecə evimizdə rahat yatırıq, onlar sərhəd xəttində keşik çəkirlər. Biz gündəlik həyatımızla məşğul oluruq, onlar Vətənin sərhədində hər hərəkəti izləyirlər. Biz təhlükəsizliyimizi təbii hal kimi qəbul edirik, onlar isə bu təhlükəsizliyin qorunması üçün hər an məsuliyyət daşıyırlar.
Bir əsgər atası kimi bu xidmətə xüsusi hisslərlə baxıram. Övladım sərhəd xidmətində həqiqi hərbi xidmət keçir. Buna görə sərhədçilərimizin peşəkarlığı, Vətənə bağlılığı, əsgərə göstərilən qayğı, şəxsi heyətin maddi texniki təminatı bir valideyn kimi məni qürurlandırır. Övladının Vətənin sərhədində xidmət etdiyini bilən ata üçün bundan böyük arxayınlıq çətin tapılar.
Mən sevinirəm ki, qüdrətli Azərbaycan dövləti var və bu dövləti qoruyan güclü Dövlət Sərhəd Xidməti mövcuddur. Qarabağ Zəfərinin memarı, Azərbaycanın ərazi bütövlüyünü tam təmin edərək epoxal tarix yazan fenomen Prezident İlham Əliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin fəaliyyəti, övladlarımızın etibarlı əllərdə, yüksək peşəkarlıq və möhkəm intizam şəraitində hərbi xidmət keçməsi hər bir valideyn üçün böyük qürur mənbəyidir.
Vətən sərhəddən başlayır. Həmin sərhədin keşiyində Azərbaycan sərhədçisi dayanır. Onun ayıq baxışı, möhkəm iradəsi, peşəkarlığı və Vətənə sədaqəti dövlətimizin sərhədlərinin etibarlı qorunmasının təminatıdır. Biz rahat yaşayırıq, çünki sərhədçi keşik çəkir. Biz sabaha inamla baxırıq, çünki Vətənin sərhədləri etibarlı əllərdədir.
Cəlal Bəyverdiyev,
əsgər atası