Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın şanlı hərb salnaməsi zəfərlərimizi qanı və fədakarlığı ilə yazan məğrur oğullarımızın şərəfli ömür yoludur. Azərbaycan Silahlı Qüvvələrinin cəsur hərbi qulluqçusu Sahil Əhliman oğlu Aslanov Vətən torpaqlarının azadlığı uğrunda göstərdiyi misilsiz şücaətlə adını əbədiyyət zirvəsinə həkk edən qəhrəmanlarımızdandır. Sahil Aslanov Vətənə sədaqət, zəhmətkeşlik və mənəvi dəyərlərin uca tutulduğu bir ocaqda boy başa çatmışdı. Uşaqlıq illərindən intizamı, mərdliyi, haqsızlığa barışmazlığı və dostluğa vəfası ilə seçilən Sahil üçün Vətən torpağı hər şeydən uca idi.
Sahil Əhliman oğlu Aslanov 1 noyabr 1996-cı ildə Şabran rayonunun Dağ Bilici kəndində anadan olmuşdur. Orta təhsilini Şabran rayon Dağ Bilici kənd tam orta məktəbində aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmiş, sonra isə Müddətdən Artıq Həqiqi Hərbi Xidmət kurslarına yazılmışdır. Kursları müvəffəqiyyətlə bitirdikdən sonra Sahil Aslanov Xüsusi Təyinatlı Qüvvələrin Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Qulluqçusu kimi yenidən orduya qayıtmış, xidmətini davam etdirmişdir.
Sahil Aslanov ilk olaraq 1-5 aprel 2016-cı il tarixlərində baş verən Aprel döyüşlərində iştirak etmişdir. Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasında, düşmənin “Ohanyan səddi”nin darmadağın edilməsində və düşmənə layiqli dərs verilməsində böyük xidmətləri olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Sahil Aslanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 44 günlük Vətən savaşında gedən ağır və qanlı döyüşlərdə böyük şücaət göstərmişdir, düşmənin ağır məğlubiyyətə uğramasında və şanlı zəfərimizin qazanılmasında böyük xidmətlər göstərmişdir.
Prezident İlham Əliyevin sərəncamları ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni iləilə təltif edilmişdir. O, Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfərdən sonra da xidmətini davam etdirmişdir.
Sahil Aslanov 2022-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi təxribat nəticəsində baş verən döyüşlərdə də iştirak etmiş, böyük igidlik göstərərək düşməni geri otuzdurmuşdur. Döyüşlər bitdikdən sonra nümunəvi hərbçi kimi xidmətini davam etdirmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Aslanov Sahil Əhliman oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Sahil Şabran şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Müşfiq MİRZƏ
XQ