Vətən torpaqlarının azadlığı uğrunda

20.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Şəhid Rəhim Hüseynov 2020-ci il oktyabrın 20-də Qubadlı cəbhəsində qəhrəmancasına şəhid olub

Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər yüksək peşəkarlığa, beynəlxalq hərbi təcrübəyə və dəmir iradəyə malik zabitlərimizin cəsarəti ilə reallaşdı. Belə unudulmaz komandirlərdən biri də Azərbaycan Müdafiə Nazirliyinin Sülhməramlı Qüvvələrinin tərkibində beynəlxalq missiyalarda ölkəmizi ləyaqətlə təmsil etmiş, 2020-ci il oktyabrın 20-də Qubadlı cəbhəsində qəhrəmancasına şəhid olmuş mayor Rəhim Qədir oğlu Hüseynovdur.

Rəhim Qədir oğlu Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunda anadan olub. 1998-2001-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2001-2005-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. 2005-2006-cı illərdə Silahlı qüvvələrin təlim və tədris mərkəzində oxuyub. O, ingilis, rus, erməni dillərini mükəmməl bilirdi. Şəhid mayor Rəhim Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin tərkibində NATO-ya bəyan edilmiş və dəfələrlə götürdüyü öhdəliyi müvəffəqiyyətlə yerinə yetirmiş Əməliyyat İmkanları Konsepsiyası (OCC Bn) taborunun komandiri idi. Rəhim Hüseynov 2020-ci ildə NATO-nun Əfqanıstan İslam Respublikasında Qətiyyətli Dəstək - qeyri-döyüş missiyasında Azərbaycan sülhməramlı kontingentinin və eyni zamanda Həmid Karzai Beynəlxalq Hava Limanının (HKIA) Qüvvə Qorunması taborunun komandiri vəzifəsində NATO Meritorious Service Medalı (NATO-nun xidmətə görə mükafat medalı) ilə təltif olunan ilk və tək azərbaycanlı zabitdir. Şəhid mayor Rəhim Hüseynov xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbacan Silahlı Qüvvələrini layiqli şəkildə təmsil edib, Azərbaycan bayrağını şərəflə daşıyıb.

Azərbaycan Ordusunun mayoru olan Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Rəhim Hüseynov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub.  Şəhid mayorumuz II Fəxri Xiyabanda dəfn edilib. Sağlığında misilsiz xidmətlərinə görə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı, «Qüsursuz xidmətə görə» medalı (III dərəcə), «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı, «Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalına layiq görülən Rəhim Hüseynov Prezident İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra  "Qarabağ" ordeni ilə, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə",  "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Mayor Rəhim Hüseynov kimi peşəkar zabitlərimiz həm uluslararası sülh missiyalarında Azərbaycan bayrağını ucaltdılar, həm də Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçərək adlarını əbədi Zəfər salnaməmizə yazdılar!

Müşfiq MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью