Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış cəsur döyüşçü

10.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Milli Qəhrəmanın doğum günüdür

Qarabağ uğrunda gedən müharibə xalqımızın yaddaşına saysız-hesabsız qəhrəmanlıq dastanları bəxş etmişdir. Bu dastanların ən təsirli səhifələrindən birini də azğın düşmən qarşısında mərdliklə dayanaraq canını Vətən torpağına fəda edən Azərbaycanın Milli Qəhrəmanı Fərhad Qənbər oğlu Hümbətov yazmışdır.

Hümbətov Fərhad Qənbər oğlu 1968-ci il sentyabr ayının 10-da Qərbi Azərbaycanın Qarakilsə rayonunda dünyaya göz açıb. 1986-1988-ci illərdə müddətli həqiqi hərbi xidmət keçib. 

1988-ci ildə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası zamanı ailəsi ilə Bakı şəhərinə köçüb. Hələ gənc yaşlarında ermənilər tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və qətliamların, 20 Yanvar hadisələrinin canlı şahidi olan F. Hümbətov doğma torpaqlarından didərgin salınmış hər bir soydaşımız kimi əlində silah Vətənin keşiyində durmağı qarşısına məqsəd qoyub.

1991-ci ilin oktyabr ayında cəbhəyə yollanan Fərhad Hümbətov könüllülərdən ibarət Şıx batalyonunun sıralarında döyüşə atılıb, bir neçə kəndin azad olunmasında böyük şücaət göstərib.

Şərəfli və çətin döyüş yolu keçən Fərhad 1992-ci il mart ayının 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində düşmənin təxribatlarının qarşısını almaq üçün keçirilən hərbi əməliyyat zamanı döyüşçü yoldaşları ilə düşmənin 5 postunu darmadağın edib. 1992-ci il mart ayının 29-da Fərhad Hümbətov növbəti hərbi əməliyyat zamanı qeyri-bərabər döyüşdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Döyüş yoldaşlarını, bir neçə yaralını xilas edib, lakin özü qəhrəmancasına həlak olub. 

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Hümbətov Fərhad Qənbər oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Vətən uğrunda canından keçən Milli Qəhrəmanlarımız xalqımızın qəlbində əbədi yaşayacaq və gələcək nəsillər üçün örnək olacaqdır.

Müşfiq MİRZƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью