Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
"Vətəndaş pensiya yaşına çatmadan dünyasını dəyişərsə, topladığı pensiya kapitalının müəyyən hissəsinin, ən azı 30 faizinin varisin hesabına köçürülməsi məqsədəuyğun ola bilər. Çünki vətəndaş uzun illər ərzində topladığı vəsaitdən özü istifadə edə bilmirsə, onun varislərinin həmin kapitaldan yararlanması həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Bu, eyni zamanda vətəndaşın pensiya kapitalına gələcək üçün bir yığım kimi yanaşmasını təmin edə bilər".
Bunu iqtisadçı millət vəkili Vüqar Bayramov deyib. Millət vəkilinin sözlərinə görə, belə bir mexanizm insanların rəsmi əmək münasibətlərində marağını da artıra bilər. Vətəndaş anlayar ki, əmək müqaviləsi ilə işləyərək topladığı pensiya kapitalı yalnız onun gələcək pensiya təminatına deyil, dünyasını dəyişəcəyi halda ailəsinə və övladlarına da fayda verə bilər:
"Bu baxımdan, insanların əmək müqaviləsinin rəsmiləşdirilməsində və gəlirlərinin tam göstərilməsində marağı arta bilər. Pensiya kapitalının müəyyən hissəsinin varislərə ötürülməsi həm sosial ödənişlərə marağı, həm də rəsmi məşğulluğu stimullaşdıra bilər".
İqtisadçı Günay Hüseynova hesab edir ki, həmin məbləğ şəxs vəfat etdikdən sonra vərəsəyə deyil, sağlığında onun pensiyasına, eləcə də sosial-iqtisadi xərclərinə yönəldilsin: "Maliyyə Nazirliyinin proqnozlarına əsasən, inflyasiya göstəricisinin yüksəlməsi gözlənilir. Bu da onu deməyə əsas verir ki, artmayan sosial gəlirlər fonunda xərclər artır. Bu səbəbdən pensiya kapitalının aylıq pensiyaya, dərman və market xərclərinə yönəldilməsi məqsədəuyğun olardı".
İqtisadçının dediyinə görə, pensiya kapitalının vərəsəlik yolu ilə ötürülməsi məsələsinə fərqli yanaşma tətbiq olunmalıdır: "Əgər yetkinlik yaşına çatmış övlad yoxdursa, şəxs uzun illər işləyib əziyyət çəkib, lakin sağlığında həmin kapitaldan faydalana bilmirsə, onun vərəsəyə ötürülməsinin nə dərəcədə məqsədəuyğun olduğu sual doğurur. Yeni mexanizm tətbiq edilərkən ilk növbədə şəxsin ev girovu və ya kredit borcu da nəzərə alına bilər. Məsələn, şəxs vəfat edib, mirası yoxdur və ya mirasçı mirası qəbul etmir. Əgər bank borcu varsa, həmin kapital borcun ödənilməsinə yönəldilə bilər".
İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, pensiya kapitalının müəyyən hissəsinin vəfat etmiş şəxsin övladlarına verilməsi sosial ədalət baxımından müəyyən məntiqə malik yanaşmadır. Lakin bunun tam məbləğdə deyil, müəyyən faizlə nəzərdə tutulmasının əsas səbəbi pensiya sisteminin mahiyyəti ilə bağlıdır. Onun sözlərinə görə, pensiya kapitalı şəxsin bank hesabında saxlanılan adi pul vəsaiti deyil, gələcək pensiya ödənişlərinin hesablanması üçün formalaşan sosial sığorta göstəricisidir: "Bu vəsait həm də sığorta sisteminin ümumi maliyyə yükünün və digər öhdəliklərin təmin edilməsində nəzərə alınır. Ona görə də kapitalın tam şəkildə miras kimi verilməsi mövcud pensiya sisteminin maliyyə mexanizminə ciddi təsir göstərə bilər. Müəyyən hissənin övladlara verilməsi isə həm vətəndaşın pensiya kapitalının ailəyə müəyyən formada ötürülməsini təmin edir, həm də dövlətin sosial sığorta sisteminin maliyyə dayanıqlığını qorumağa imkan yaradır. Burada əsas məsələ həmin faizin ədalətli müəyyənləşdirilməsi və vətəndaşların hüquqlarının mümkün qədər geniş qorunmasıdır".
Sevinc QARAYEVA