Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Son günlər qeyri-sabit hava şəraiti nəticəsində daşınmaz əmlaka dəyən zərərlə bağlı sığortanın miqdarı açıqlanıb.
4-6 aprel 2026-cı il tarixlərdə ölkə ərazisində qeydə alınan intensiv yağışlar nəticəsində paytaxt Bakı da daxil olmaqla, respublikamızın bir çox bölgəsində müxtəlif səpkili hadisələr baş verib. Azərbaycan Sığortaçılar Assosiasiyasının yerli sığorta bazarı iştirakçılarından aldığı məlumatlara görə, 4-6 aprel 2026-cı il tarixlərdə baş vermiş sığorta hadisələri ilə bağlı 5 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 620 sığortalı müraciəti daxil olub.
Qeyd edilib ki, bu müraciətlərin 103-ü məhz “Daşınmaz əmlakın icbari sığortası” növü, 25-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub. Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 500 min manatı ötəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 71 %-i paytaxt Bakıda, 29 %-i isə respublikamızın digər bölgələrində (xüsusilə Abşeron ərazisində) qeydə alınıb.
Onu da qeyd edək ki, hazırda bir sıra evlərin “kupça”sı olmadığına görə sığortası yoxdur və baş verən hadisələrlə bağlı sığorta ödənişindən kənarda qalırlar. Xatırladaq ki, bir neçə il öncə boşanma ilə bağlı “kupça”sız evlərə yeni qayda tətbiq edilib. Belə ki, evin sənədi olmadığı təqdirdə boşanmalar zamanı tərəflər müəyyən problemlə üzləşirdi. Ancaq 2024-cü ilin martında Ali Məhkəmənin Plenumunun qərarı (№ 1/2024) ər-arvadın nikah dövründə aldıqları, lakin sənədsiz qalan daşınmaz əmlakların (məsələn, evin) boşanmadan sonra əmlakın bölüşdürülməsi zamanı ümumi əmlak hesab olunması və bölüşdürülməsi məsələsinə aydınlıq gətirildi.
Qeyd edilir ki, əsas məsələ əmlakın faktiki olaraq kimin adına qeydiyyatda olması yox, nikah dövründə hansı şəraitdə alınıb alınmaması və onun pulunun kim tərəfindən ödənildiyidir, sənədsiz evlər ümumi əmlak sayılır və bölünə bilir. “Kupça”sız evlərə də sığortanın tətbiqi həm vətəndaşın sığortada maraqlı olmasına, həm dövlətin üzərinə az “yük” düşməsinə səbəb olar.
Bəs təbii fəlakət, fövqəladə hallarla bağlı baş verən hadisələrlə əlaqədar “kupça”sız evlərə də sığortanın tətbiqi reallaşdırıla bilərmi?
Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri (AQC), Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc “Cümhuriyət”-ə bildirib ki, çıxarışı olmayan evlərə sığorta, kompensasiya tədbirləri nəzərdə tutulmur:
“Həmin daşınmaz əmlak növlərinin sığortalanması üçün ilk növbədə mülkiyyət hüququnu təsdiqləyən sənədlərin olması vacibdir. Hazırda yağış və sel çox sayda evin zərər görməsi ilə nəticələnib və onların sığortalanması mümkün deyil. Mövcud qanunvericilik bunu mümkünsüz edir. Qanunvericilikdə dəyişiklik etmək və yaxud hər hansı yeni addım atmaq üçün mütləq situasiyanı dərindən araşdırmaq lazımdır. İlk növbədə “əmlak amnistiyası” olmalıdır ki, həmin evlər mütləq əksəriyyəti, təhlükəli zonalarda olmayanlar öz mülkiyyət sənədlərini əldə edə bilsinlər və sığorta subyektləri olsun, problem öz həllini tapsın. Hazırda zərər görən fərdi yaşayış evlərinin böyük əksəriyyəti məhz sənədsiz evlərdir. Azərbaycan dövləti sosial dövlətdir və daim belə problemlə üzləşəndə vətəndaşlara bu və ya digər formada problemlə üzləşəndə onların evlərinin sənədi olub-olmamasından asılı olmayaraq kompensasiya ödənilir. Dünya təcrübəsində bu sığorta predmeti olmalıdır və sığorta şirkətləri ödəməlidir.
Məbləğə gəldikdə isə hazırda Bakı şəhərində 50 manat, respublika əhəmiyyətli şəhərlərdə 40 manat, rayon və kəndlərdə 30 manat sığorta məbləği ödənilir ki, bu da əlçatan məbləğdir. Sadəcə olaraq bu prosesi stimullaşdırmaq tələb olunur. Maarifləndirmə işinin yüksək səviyyədə aparılması, əhaliyə sığortanın vacibliyinin izah olunması və eyni zamanda sığortaya əlçatanlığın təmin olunması üçün digər addımların atılması vacib məsələlərdir”.
AQC sədrinin sözlərinə görə, bunun üçün dünya təcrübəsinə müraciət etmək lazımdır və kütləvi icbari sığorta tətbiq edilməlidir:
“Yəni avtomobillərdə olduğu kimi, icbari sığorta fərdi yaşayış evləri, mənzillər, daşınmaz əmlak növlərində də tətbiq edilməlidir ki, sığorta şirkətlərinin yığım imkanları genişlənsin. Çünki bu olmadığı halda təbii fəlakət nəticəsində sığorta şirkətləri hər bir vətəndaşın müraciətinə müsbət cavab verilsə, iflasa uğraya bilər. Ona görə də yığımı genişləndirmək üçün daşınmaz əmlakla bağlı icbari sığorta növünü tətbiq etmək lazımdır. Qanunvericilikdə bu nəzərdə tutulsa da, məcburiyyət yoxdur. Ancaq bu proses aktivləşsə, sığorta şirkətlərinin yığım imkanları genişlənər və vətəndaşlar təbii fəlakətlə üzləşdiyi zaman müraciətlərinə müsbət cavab vermək imkanı əldə edərlər. “Kupçasız” evlərə sığortanın tətbiqi mümkün deyil.
Çünki həmin şəxsin obyektə hüquqi əsası olmalıdır ki, sığortaçı kimi çıxış etsin. Bunun üçün də “əmlak amnistiyası” olmalıdır ki, problemlər aradan qalxsın. Yaxud da qanunvericilikdə məcburi sığorta bütün evlərə tətbiq olunmalıdır. Məcburi sığorta hüququndan istifadə etməyən vətəndaşlara cərimə məbləğləri tətbiq olunmalıdır. Əks təqdirdə, problemin həlli mümkün olmayacaq. Kütləvi sığorta bazarını yaratmadan, sığorta vətəndaşlara təbii fəlakətlər zamanı hər hansı maddi yardım göstərə bilməyəcək”.
Nigar Abdullayeva
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin