Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun növbəti səyyar qəbulu Şingədulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şingədulan, Durğan, Ağqışlaq, Küman, Laman, Zenoni, eləcə də Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Günəşli, Noda, Bilnə və Babagil kəndlərinin sakinləri ilə olub.
Səyyar qəbulda Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər və nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Görüşdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətindən, regionların, o cümlədən kənd yaşayış məntəqələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan icra hakimiyyətinin başçısı Əkbər Abbasov onu da bildirib ki, ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlarla yerlərdə mütəmadi görüşlərin keçirilməsi, onların gündəlik qayğı və problemlərinin öyrənilməsi, müraciətlərinə operativ münasibət göstərilməsi əsas fəaliyyət istiqamətlərindən biridir. Səyyar qəbulların keçirilməsində başlıca məqsəd sakinləri narahat edən məsələləri birbaşa onların öz dilindən dinləmək, mövcud problemlərin həlli yollarını müəyyənləşdirmək və aidiyyəti qurumların imkanlarından istifadə etməklə zəruri tədbirlərin görülməsini təmin etməkdir.
Daha sonra kənd sakinlərinin müraciətləri və təklifləri dinlənilib. Vətəndaşlar tərəfindən kənd yollarının təmiri və abadlaşdırılması, təbii qaz, elektrik enerjisi və digər kommunal xidmətlərlə təminat, eləcə də sakinləri narahat edən digər məsələlər diqqətə çatdırılıb.
Rayon rəhbəri qaldırılan məsələlərin həlli ilə bağlı münasibət bildirərək, bəzi müraciətlərin yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi barədə aidiyyəti şəxslərə göstərişlər verib. Əlavə araşdırma tələb edən məsələlərin isə müvafiq qurumlarla birgə öyrənilərək qanunamüvafiq qaydada həlli istiqamətində tapşırıqlarını verib.
Səmimi şəraitdə baş tutan qəbuldan yerli sakinlər böyük məmnunluq duyub və məmurlarla birbaşa ünsiyyət imkanının yaradılmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü