“Vətəndaşlarımızın pensiya kapitalının bir hissəsinin vərəsəsinə transfer edilməsi məqsədəuyğun hesab olunur”

03.11.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pensiya sistemində yığılan vəsaitin vətəndaşın ixtiyarına verilməməsi bu gün çoxlarına tanış problemdir. İnsanlar öz kapitallarını idarə etmək hüququnu tələb edirlər. Onlar hesab edirlər ki, pensiya yaşına çatdıqdan sonra öz kapitallarını necə idarə edəcəklərinə özləri qərar verməlidirlər. Hesablamaların qeyri-şəffaf və nəticələrin isə ədalətsiz olması narahatlıq doğurur. Bu narazılığı ifadə edən vətəndaşlardan biri də mövzu ilə bağlı fikirlərini bölüşüb. 23 illik təcrübəyə sahib olan vətəndaş Raqif Rauf oğlu TV-lərdən birinə verdiyi müsahibəsində bildirib ki, topladığı pensiya kapitalının hesablanması mexanizmindən razı deyil. O deyib ki, tələb kimi qoyulan kapital məbləğini toplasa da, vaxtından əvvəl istifadəsinə icazə verilmir. 65 yaşına çatdıqda aparılacaq hesablama formasında isə aylıq pensiya məbləği çox aşağı düşür. Vətəndaş bildirir ki, bu daha ədalətli olardı ki, tutaq ki, mənim 50 min pulum var və mən pensiya yaşına çatmışam: “Mən o pulu tam götürürəm, bundan sonra pensiya istəmədiyimi bildirirəm. Mən artıq kapitalımı özüm idarə edirəm. Aparıb banka qoyuram, ondan gələn faizlə, bəlkə hamısını qoymayacam, 2-3 yerə böləcəm? Bəlkə mənim yaxşı investisiya bacarığım var. Gedib onu səhmlərə yatırım edəcəm, daha da artıracam. Yəni mənim bu imkanım əlində alınmış olur”.Vətəndaş pensiya yaşına çatdıqda topladığı pensiya kapitalını birbaşa götürmək və öz istəyi ilə idarə etmək hüququna sahib olmalıdırmı?Pensiya yaşına çatmış və kapitalı yetərli olan vətəndaşın “pensiya almaqdan imtina” və kapitalını tam şəkildə götürmək hüququ qanunvericilikdə nəzərdə tutulmalıdırmı?

Məsələ ilə bağı Bizimyol.info xəbər portalına açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, Əmək və sosial siyasət komitəsinin ilk icrasında da məhz bu istiqamətdə həmkarlarımız tərəfindən təkrar təqdim olundu.

Vüqar Bayramov

“Dünyasını dəyişən şəxsin pensiya kapitalını istifadə etmə məsələsi Milli Məclisdə müzakirə edilən məsələlərdəndir. Əmək və sosial siyasət komitəsinin ilk iclasında da məhz bu istiqamətdə həmkarlarımız tərəfindən təkrar təqdim olundu. Eyni zamanda təkliflərin bir qismi, məhz həmin kapitalın 30 %-nin vərəsəyə verilməsi ilə bağlı idi. Ümumiyyətlə, pensiya kapitalından daha səmərəli istifadə olunması və eyni zamanda xüsusən də dünyasını tez dəyişən vətəndaşlarımızın pensiya kapitalının bir hissəsinin vərəsəyə transfer edilməsi məqsədəuyğun hesab olunur. Tutaq ki, bu istiqamətdə fiskal qiymətləndirmə aparılmasına ehtiyac var, məhz bu istiqamətdə maliyyə qiymətləndirməsi aparıldıqdan sonra qərarların verilməsi mümkündür. Bütün hallarda bununla bağlı təkliflər Komitə iclasında təqdim olundu. Profil qurumlar tərəfindən qiymətləndirmə apardıqdan sonra hansı qərarın veriləcəyi ilə bağlı aydınlıq yaranacaq.

Bir sıra ölkələrin, eləcə də Sinqapurun təcrübəsini nəzərə alsaq, pensiya kapitalının bir hissəsinin istifadə imkanlarının verilməsi və xüsusən də dünyasını tez dəyişən vətəndaşlarımızın pensiya kapitalının vərəsəsinə transfer imkanlarının yaradılması məqsədəuyğundur. Təbii ki, bu istiqamətdə xüsusən də Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığını qorumaq şərti ilə qiymətləndirmənin aparılması və ona uyğun olaraq qərar verilməsini də məqsədəuyğun hesab edirik”-deyə Vüqar Bayramov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью