Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
O, vəzifə və çörək verdiyi, yaxud “əbədi məğlub” damğasından xilas etdiyi şəxslərin xəyanət və dönüklüyünə usanmır… Başa vurduğumuz 2024-cü il ilk növbədə, dövlətlərin siyasi elitaları qarşısında qlobal çağırışlar yaradaraq, zəif ümidlər işığında öz yerini təhvil verir.
Gerçəkdən, tarixin təkəri heç vaxt indiki qədər qlobal qövs cızmayıb; bir-birini əvəzləyən lokal toqquşmalar nəhayət, İkinci Dünya Müharibəsindən sonra özünü qalib sayan dövlətlərin hərbi meydanda açıq döyüşləri ilə əvəzlənib.
Hər halda, nüvə apokalipsisi Maltus ilgəyindən daha böyük təhlükə kimi bəşəriyyətin varlığını təhdid edir.
Belə şəraitdə, Azərbaycan liderinin 10 yanvar tarixli müsahibəsində, “hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin azad edilməsi və suverenliyimizi tam bərpa etməyimiz yeni dövrün başlanğıcıdır” bəyanatı, təkcə Sovetlər Birliyinin çöküşü ilə işğal və qaçqınlıq dalğasına məruz qalan bir xalqın mənəvi-siyasi taleyinə üzüntünün ifadəsi deyil, daha çox Yeni Era adlandırılan dövrün tələblərini və xüsusiyyətlərini milləti ilə bölüşmək cəhdidir.
Son 4 ildə yenidən doğulan bir xalqın qalibiyyəti dünyəvi fakta çevrilməkdə ikən, əhatəmizdə silahlı, qanlı və inqilabi qeyri-sabitlikdir.
Kiçik dövlətləri mövsümi savaşlara yem edən, oyun qaydalarını və geosiyasi xəritələri müəyyənləşdirənlər dünənə qədər radikal dini terrorçu kimi başına külli miqdarda mükafat təyin etdikləri şəxsi indi diktaturanın alternativi kimi qəbul etməyə məcbur olur.
Göründüyü kimi, strateji xəritələri tərtib edən beyin mərkəzləri və fikir fabrikaları çökür, ən yaxın siyasi gələcəyi hesablaya bilmir, yeni əsrin insanları Corc Oruelin “böyük televizor”undan qaça bilirlər.