Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.
Azərbaycanımızın Lerik rayonunda Murya adında bir kənd var.
Bu ulu yurd yeri həmişə öz yetirmələri ilə öyünüb. Bu kəndin xalq üçün yanan, el-oba təəssüfünü çəkən, saf arzularla yaşayan qeyrətli övladları çoxdur. 1975-ci ildə Murya kəndində dünyaya göz açan Şəmsi Alixan oğlu Qəribov da belə igidlərdəndir. Vətən torpaqlarının azadlığı uğrunda 22 yaşında ikən şəhid olan Şəmsinin qəhrəmanlığı gənc nəsil üçün böyük bir örnəkdir.
Şəmsi orta məktəbi bitirəndə artıq yaşadığı cəmiyyətdə vətənini, xalqını sevən bir gənc kimi tanınırdı. Yaxşılıq etməyi özünə həyat amalı seçmişdi. Bunlarla bərabər Qarabağ hadisələri başlananda Şəmsinin ürəyində azğın erməni dığalarına qarşı mübarizə aparmaq istəyi günbəgün alovlanırdı.
1993-cü ildə hərbi xidmətə çağırılanda ilk günlərdə qaynar müharibə bölgələrinə getmək, döyüşlərdə fəal iştirak etmək istədiyini bildirir. İgid, cəsur vətən oğlu olduğu Ağdərə, Çayıllı, Meşəli, Marquşavan, Talış kəndləri uğrunda döyüşlərdə sözün həqiqi mənasında erməni dığaların canına vəlvələ salır. Vətənə sadiq oğul olduğunu düşmənə endirdiyi sarsıdıcı zərbələrlə sübut edir. Hər qələbədən sonra sanki ona növbəti döyüş üçün yeni güc, yeni qüvvə gəlir.
Vətənin ağır günlərində meydana atılan Şəmsi çox qeyri-bərabər qanlı savaşların qəhrəmanı olur. Həqiqi hərbi xidməti başa vurandan sonra da orduda qalıb vətənin keşiyində durmağı üstün tutur. Bilir ki, erməni dığaların günü-gündən azğınlaşdığı bir vaxtda vətənə sipər durmaq üçün qeyrətli igidlərə ehtiyac vardır. Məqsədi, amalı Qarabağ torpaqlarına uzanan murdar əlləri kəsənə qədər döyüşmək olur. Şəmsinin vətənə sədaqətini, fiziki cəhətdən zirək və dözümlülüyünü görüb onu hərbi məktəbə oxumağa göndərirlər. Bu aylar ərzində hərbi sirlərinə daha mükəmməl yiyələnir. Gizir rütbəsi ilə Goranboy rayonundakı 130 saylı hərbi hissəyə gəlir. Onu mühəndis istehkam bölüyünün tağım komandiri seçirlər. Vətəndən həqiqi oğul adını almaqdan ötrü onu öz qanı bahasına yaşadanlar arasında daha hünərli görünür. Qürur duyulası vətən keşikçisi olmaqla bütün tapşırıqları layiqincə yerinə yetirir. Bir komandir kimi də tabeliyində olan əsgərlərlə tez dil tapır, mehriban ünsiyyət bağlayır. Cəbhə xəttində yağı düşmənə qarşı amansız döyüşür, onu məğlub etməklə əsgərlərin gözündə ucalır. Qanlı düşmənə gücünü göstərməklə isə ürəyindən keçən qisasını ala bilir. Təəssüf ki, nə qədər hünər göstərsə də, Qarabağın azadlığını görmür. Qəlbi daim vətən eşqi ilə döyünən Şəmsi 14 oktyabr 1997-ci ildə şəhid zirvəsinə ucalır. Beləcə də bir evin övladı bütün ölkənin övladına dönür. Xalqın qəhrəman oğlu Şəmsi indi bizim üçün bir örnək, əbədi xatirədir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü