Vətənə canını fəda edən Cahid

23.06.2026

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

1994-cü ildə Biləsuvar rayonunun Çaylı kəndində dünyaya göz açan Cahid Şaiq oğlu Qəniyev ləyaqətli bir övlad olaraq Vətən qarşısında son borcunu layiqincə verməyi bacarıb. Belə ki, Azərbaycan və dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızda son damla qanına qədər yağıya qarşı mübarizə aparıb, şəhidlik zirvəsinə ucalıb. Bununla qazanılan qələbəmizin qəhrəmanlıq simvoluna dönən Biləsuvar elinin igid oğlu torpağa gömülmədi, yeri-yurdu milyonların ürəyi oldu. Dövlət də daimi Cahidin adını yüksəkdə saxlamaq üçün onun əbədi ömrünə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Suqovuşanın azadlığı uğrunda medalları ilə bir şərəf qatıb.

Qanında mərdlik, cəngavərlik ruhu olan Cahid Qəniyev cəbhə bölgəsində əsgərliyə başlayanda Vətənini özündən çox istəyib. Qarabağımızın erməni qəsbkarlarının tapdağı altında olması onu çox narahat edib. Nümunəvi xidməti, Vətən yolunda özünü hər an fəda etməyə hazır olması ona zabitlərin, əsgərlərin yanında böyük hörmət qazandırıb. Xidmət zamanı əsl vətəndaş, mənəvi cəhətdən zəngin insan, vətənpərvər əsgər olduğunu yaxşı göstərib. Həmçinin qatıldığı təlimlərdə döyüş igidliyinə görə fərqlənib, öyrənmək həvəsi, səriştəsi, xarakterindəki müsbət keyfiyyətləri bir qayda olaraq diqqət cəlb edib. Cahid Vətən naminə erməni dığalardan alacağı öcə görə hər şeyə hazır durub. Qarabağı tezliklə azad görmək bütün arzuların zirvəsində dayanıb. Məhz buna görə də murdar niyyətli erməni dığalarla mərdliklə vuruşmağa, onlara qarşı amansız olacağına and içib.
2014-cü ildə Cahidin əsgəri xidməti bitib, amma yağıdan alacağı öcü qalıb. Odur ki, az müddət sonra yenidən şanlı formanı geyinib Vətənin keşiyində durub. Həm də əsgərlərdə öz şəxsi nümunəsi ilə Vətənə məhəbbət, cəsurluq, kişilik, düşmənə nifrət hisslərini oyadıb. Həmişə deyib ki, ermənilərdən qorxmaq Azərbaycanın qeyrətli oğullarına heç cür yaraşmır. Vətəni qorumaq, bu yolda şəhid olmaq bizim şərəfli borcumuzdur. Müharibə başlansa ordumuz mütləq qələbə qazanacaq.
Bəli, Vətən müharibəsinin ilk günündən Azərbaycan ordusunun giziri Cahid Qəniyev öndə olmaqla rəşadətlə vuruşub. Ciddi sınaqdan zəfərlə ayrılan igid Vətən sevdalının hünəri hamını heyran qoyub. Daha sonra Tərtər rayonunun Talış qəsəbəsinin alınması uğrunda gedən ordumuzun hücumunda düşmənə sarsıdıcı zərbələr endirib, onların 1 ədəd hərbi texnikasını, 20 nəfərə yaxın canlı qüvvəsini məhv edib. Suqovuşanda da ağır ölüm-dirim savaşında dığaların üstünə qartal tək şığıyıb, qana susayan erməni dığalarına ağır itkilərlə cavab verib. Həmçinin qızğın döyüşlər gedən zaman bir neçə yaralı əsgər yoldaşını müharibə meydanından çıxarıb. Sonuncu dəfə Cahid şəxsi heyətin döyüş ruhunu yüksəltmək məqsədilə düşmən səngərinə tək başına hücum çəkib. Nəticədə düşmən ciddi itki verə-verə qaçmağa üz qoyub. Təəssüf ki, Cahidin Vətənə bağlı ürəyi də qəfil atılan gülləyə tuş gəlib.
Doğru deyirlər ki, Vətən üçün yaşayanlar ölmürlər. Onlar əbədi olaraq öz xalqının şərəf və qürur yeri olaraq həmişə xatırlanır, keçdikləri şərəfli ömür yolları həyat məktəbi kimi örnək göstərilir. Məhz Cahid Qəniyev də belə ölməz qəhrəmanlardandır.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью