Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində müasir tariximizin Zəfər salnaməsi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız dəmir yumruq kimi birləşərək sarsılmaz iradəsini nümayiş etdirdi. Rəşadətli ordumuzun gücü, xalq birliyi və Vətən sevgisi sayəsində 30 illik işğala son qoyuldu, azad olunan torpaqlarımızda üçrəngli bayrağımız ucaldıldı.
180 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, Birinci Qarabağ müharibəsi qazisi Atakişi Cəfərov odlu-alovlu illərin çətinliklərini və bu gün yaşanan zəfər sevincini belə ifadə etdi:
– Torpaqlarımızın işğal altında qalmasını hər bir vətənpərvər kimi mən də böyük bir ağrı ilə yaşayırdım. Zaman keçdi, nəsillər dəyişdi, lakin qəlbimizdəki Vətən sevgisi azalmadı. 2020-ci ildə rəşadətli Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə illərlə qəlbimizdə yaşatdığımız ümidləri gerçəkləşdirdi. Şuşanın azad olunması ilə 30 illik həsrət sona çatdı. Minlərlə igidimiz canından keçdi, qazilərimiz sağlamlıqlarını bu yolda qurban verdilər. 1992-ci ildə cəbhədə keçirdiyim hisslərlə 2020-ci ildə Zəfər sevincini yaşayan insanların duyguları arasında dərin bir bağ var: hər ikisinin kökündə Vətənə sədaqət dayanır.
Vətən sevgisi, sadəcə, sözdə deyil, çətin gündə dövlətin yanında olmaqdır. Hər birimizin üzərinə düşən vəzifə bu dəyərləri qorumaq və gələcəyə ötürməkdir. Bu gün başımızı dik tutaraq deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmadı, çəkilən zəhmət hədər olmadı. Qarabağ Azərbaycandır! Bu həqiqət xalqımızın iradəsi, Ordumuzun şücaəti və dövlətimizin qətiyyəti ilə tarixə yazıldı. Vətən uğrunda hər bir fədakarlıq gələcək nəsillərə əmanətdir. Qoy Azərbaycanımız daim müstəqil, qüdrətli və qalib olsun!
* * *
8 noyabr tarixi xalqımızın iradəsinin və əyilməz ruhunun rəmzinə çevrilib. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi təkcə hərbi əməliyyat deyil, milli birliyin və ədalətin təntənəsi idi. Ordumuzun misilsiz şücaəti sayəsində Qarabağın tacı olan Şuşanın işğaldan azad edilməsi mənəvi dirçəlişimizin təməlini qoydu. Prezident İlham Əliyevin sərəncamı ilə 8 noyabr Zəfər Günü elan olundu. Hər il böyük təntənə ilə qeyd edilən Zəfər Günü təkcə qazanılan hərbi uğuru deyil, şəhidlərimizin əziz xatirəsini və dövlətimizin sarsılmaz gücünü təcəssüm etdirir.
Bu tarixi zəfərin təməli torpaqlarımız uğrunda canını fəda edən, dar gündə silaha sarılan igidlərin fədakarlığı ilə qoyulub. 192 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, I Qarabağ müharibəsi qazisi Cavad Mustafayev o illəri belə xatırladı:
– 1992-ci ildə torpaqlarımızın müdafiəsi uğrunda döyüşə atıldım, əlimə silah alaraq düşmənə qarşı mübarizəyə qoşuldum. O dövrdə ordumuz hələ yenicə formalaşırdı, çətinliklərimiz, qayğılarımız kifayət qədər idi. İyun ayının 28-də “Lənkəran polku” Qırmızı Bazar istiqamətində hücuma keçdi. Texnika və şəxsi heyət baxımından ağır itkilərimiz olsa da, döyüşçülərimizin iradəsi qırılmadı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra orduda nizam-intizam yaradıldı və düşmənə qarşı ilk inamlı addımlar atıldı.
702 saylı hərbi hissənin kəşfiyyat bölüyünün tərkibində məşhur Horadiz əməliyyatında iştirak etdim. Qısa müddət ərzində 1 qəsəbə və 22 kəndin azad edildiyi həmin əməliyyatda düşmən qüvvələrin qarşısının alınması və ehtiyatlarının darmadağın edilməsi, əslində, gələcək böyük Zəfərimizin ilk addımı idi. 44 gündə qazanılan Zəfər hər birimizin qüruru, fəxarətidir. İllər öncə tökülən qanların, çəkilən əziyyətlərin boşa çıxmadığının, Vətənin bütövləşdiyinin şahidi olmaqdan böyük səadət yoxdur.
Əli SADIQOV
XQ