Vətənə xidmətin Polad yolu

31.08.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Qəbələ rayonunda Azərbaycanın Milli Qəhrəmanı, general – mayor Polad Həşimovun ölməz 

xatirəsinə həsr olunmuş “Vətənə xidmətin Polad yolu” adlı tədbir keçirilmişdir.  Toplantı “Ülkər Psixologiya Mərkəzi”, “İntellektual  İnkişaf Naminə” İctimai Birlik, “Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyi, “ İkinci nəfəs Psixologiya Mərkəzi” və “Alman Cərrahi Lazer  klinikası”nın  birgə təşkilatçılığı ilə keçirilmişdir. 

Tədbirdə şəhid ailələri, qazilər,  Vətən Müharibəsinin iştirakçıları, şair və yazıçılar, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilmişdir. Sonra Vətən uğrunda şəhid olan Vətən oğullarının xatirəsi sükutla yad olunmuşdur. Söz iştirakçılara verilmişdir. Çıxış edənlər: şəhid Elbrus Hüseynovun anası Xanımzər Əhmədova, “Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyinin sədri  Rəna Mahmudova,  “Ülkər Psixologiya Mərkəzi” Psixologiya Departamentinin təsisçisi və rəhbəri, Tibb və Təhsildə Birgə İnteqrasiya  layihəsinin rəhbəri, Alman Cərrahi Lazer Mərkəzinin  icraçı direktoru Jalə Mirsaab, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri  Təranə Alməmmədova, Vətən Müharibəsinin iştirakçısı, qazi, xüsusi təyinatlı  Malik Cəbiyev, pedaqogika üzrə fəlsəfə doktoru Sədaqət Rəhimova,  “İkinci Nəfəs Psixologiya Mərkəzi”nin baş psixoloqu  Natiq Muradbəyli, “Qəbələ Səsi” qəzetinin baş redaktoru  Azad Məmmədov, Vətən Müharibəsi əlili Ayaz  Səfərli fəxarət hissi ilə bildirmişlər  ki, general-mayor Polad Həşimov Azərbaycan xalqının yaddaşında igidliyi, vətənpərvərliyi və mərdliyi ilə əbədi iz qoyan qəhrəmanlardan biridir. Onun şəhidlik zirvəsinə ucalması gənclərimizə Vətəni sevməyin, ona layiqli xidmət etməyin və çətinliklər qarşısında qorxmamağın nümunəsini göstərdi.

 Natiqlər  xüsusi olaraq vurguladılar ki, Polad Həşimovun həyatı öyrətdi ki,  əsl qəhrəman yalnız gücü ilə deyil, mənəvi dəyərləri, məsuliyyəti və  Vətənə sevgisi ilə seçilir.  Vətənə xidmət müxtəlif formalarda həyata keçirilə bilər. Bu qulluğun ən şərəfli yollarından biri hərbi xidmətdir. “Polad yolu”  yalnız silahla mübarizə aparmaq demək deyil, bu ifadə həm də insanın qarşısına qoyduğu məqsədə inamla, əzmlə getməsi, çətinliklər qarşısında sınmaması deməkdir.  Hər bir peşə öz məsuliyyəti ilə Vətənə xidmətin bir yoludir.  Vətənə xidmət şərəfdir. Vətən uğrunda yaşamaq isə ən böyük məsuliyyətdir. Bu mənada gənclər general – mayor Polad Həşimovun  həyatından  nümunə götürərək savadlı, intizamlı, cəsarətli və vətənpərvər olmağa çalışmalıdırlar.

Polad Həşimovun adı Azərbaycan tarixində əbədi yaşayacaq. Onun 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində  şəhid olması  Azərbaycan xalqında  böyük kədər yaratmaqla yanaşı, Vətən uğrunda mübarizə əzmini daha da  gücləndirdi. Minlərlə gənc onun qəhrəmanlığından ruhlanaraq Vətənin müdafiəsinə hazır olduğunu  nümayiş etdirdi. Generalın sadəliyi, əsgərlərinə ata qaygısı ilə yanaşması, döyüşlərdə göstərdiyi  cəsarət və şəxsi nümunəsi  onun adını xalq arasında böyük hörmətlə yaşatdı.

General Polad Həşimovun  adı 2020-ci il Vətən müharibəsində döyüşən əsgərlər, zabitlər üçün mənəvi güc mənbələrindən birinə çevrildi. Onun şəhidliyi  Azərbaycan hərbiçisinin qəlbində  intiqam hissindən daha böyük bir məqsədi - torpaqlarımızın azadlığı və Vətənimizin ərazi bütövlüyünün bərpası amalını gücləndirdi. Bu baxımdan Polad Həşimovun qəhrəmanlığı 2020-ci ilin mənəvi- simvolik dayaqlarından biri kimi qiymətləndirilir...

Çıxış edənlər  xüsusi olaraq qeyd etdilər ki,  Azərbaycan xalqı  44 günlük  Vətən müharibəsində böyük birlik nümayiş etdirdi. Ön cəbhədə Müzəffər Ordumuz, arxa cəbhədə isə xalqımız Ali Baş Komandanın ətrafında birləşdi. “Dəmir Yumruq”  bizi qələbəyə doğru apardı...

Şəhidlərimizin xatirəsini əziz tutan hər bir azərbaycanlı Vətən naminə son nəfəsinə kimi döyüşdü. Bu müharibədə qazanılan Zəfər  yüzlərlə qəhrəmanımızın fədakarlığının nəticəsi idi və Polad Həşimovun  müqəddəs xatirəsi  bu Zəfərin mənəvi tarixində xüsusi yer tutur.

.Polad Həşimov Vətən üçün yaşadı, Vətən üçün döyüşdü və Vətən uğrunda şəhid oldu.

Çıxışlar başa çatdıqdan sonra  “Vətənə xidmətin Polad yolu”  tədbirinin təşəbbüskarı, Ülkər Psixologiya Mərkəzinin rəhbəri Jalə  Mirsaab    bütün iştirakçılara minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda vətənpərvərlik ruhunda şer nümunələri  səsləndirilmişdir.

Kəmalə  Abdinova
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью