Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
44 günlük haqq savaşında canı bahasına bizə zəfər sevincini yaşadan, Vətənin qürur yeri olan qəhrəmanımız, şəhid Zabil Tələt oğlu Azadlı dağlar diyarı Lerik rayonunun Biləvər kəndində dünyaya göz açıb.
Bu ölməz lerikli balasının adı indi əzəldən hər daşına, qayasına vurğun olan Azərbaycana şərəfdir. Torpağı qanlı ilə suvararaq müqəddəs edən Zabil Azadlı cismən aramızda olmasa da, milyonların ürəyində yaşayır. Qərinələr boyunca da qəhrəmanlığı dillərdə dastan olar, örnək sayılan ömür yolu qəlblərə Vətənə məhəbbəti hissi gətirər. Vətən, millət yolunda şüurlu sürətdə özünü fəda edənlər hər zaman ən böyük hörmətə layiqdirlər.
21 yaşında şəhidlik şərbətini dadan Zabil Tələt oğlu Azadlı 2017-ci il yanvar ayının 9-da Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Kəşfiyyat bölüyündə xidmət edən Zabil 3 ay sonra xidmətini Ağstafada, Ermənistan sərhədində davam etdirib. 2018-ci il iyul ayının 2-də əsgərliyi başa vurduqdan sonra ailəsinin yanına, ehtiyata buraxılıb. Zabil Azadlının ailədə günləri nə qədər xoş keçsə də, ermənilərə əsir düşən Qarabağın taleyi onu çox düşündürüb. Qəlbi hər an dığalardan qisas almaq həvəsi ilə alovlanıb. Odur ki, 2020-ci ilin 27 sentyabrında məqam yetişən kimi ön cəbhəyə yollanıb. İlk gündən düşmənin kabusuna çevrilib. Vətən torpaqların hər qarışı uğrunda mərdliklə vuruşub, yağının çoxsaylı canlı qüvvəsini, texnikasını məhv edib. Oktyabrın 30-da Füzuli döyüşləri zamanı xaın gülləsinə tuş gəlib. Şəhidlik zirvəsinə ucalmaqla bir evin oğlu bütün Azərbaycanın fəxrinə çevrilir. Ağır müharibə meydanlarında döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdiyi üçün dövlət tərəfindən isə Zabil Azadlı ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", eləcə də digər medallara layiq görülüb.
44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflər yazılmaqla, xalqımızın mənliyini, kimliyini bir daha bütün dünyaya göstərdi. Bu şərəfi bizə yaşadan Zabil kimi oğulların xatirəsini hər yerdə, hər zaman əziz tutmaq hər birimizin ən müqəddəs borcudur.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü