Vətəninə, torpağına sonsuz sevgi

28.10.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən, qəhrəmanlığı və mərdliyi ilə seçilən şəhid İsmayıl Elçin oğlu Qədirlinin şərəfli ömür və döyüş yolu hər kəsə nümunədir.

Azərbaycan xalqının əsrlər boyu həsrətində olduğu Qarabağ Zəfərini təmin edən amillərdən biri də İsmayıl kimi Vətənə, xalqa və hərbi andına sədaqətlə bağlı olan mərd oğullarımızın misilsiz fədakarlığı oldu. O, döyüş meydanında göstərdiyi igidliklə həm silahdaşlarının, həm də xalqımızın qəlbində əbədi yaşamaq hüququ qazandı.

İsmayıl Elçin oğlu Qədirli həyatı boyu nizam-intizamı, dürüstlüyü, zəhmətkeşliyi və ətrafındakılara olan səmimiyyəti ilə derin hörmət qazanmışdır. Böyüyüb boya-başa çatdığı mühitdə hər zaman əxlaqı, böyüyə-kiçiyə hörməti ilə tanınan İsmayıl, dostları və qohumları arasında nümunəvi gənc kimi seçilirdi. Vətəninə, torpağına olan sonsuz sevgisi onu hər zaman hərbi borca və Vətən qarşısındakı vəzifələrə sədaqətli olmağa sövq etmişdir.

İsmayıl 1998-ci ilin sentyabrın 16-da Biləsuvar rayonunda anadan olub. Məktəb vaxtlarından idmana marağı olan İsmayıl taekvando idman növü ilə məşğul olmağa başlasa da, ayağında yaranan problemə görə idmanı davam etdirə bilmir. 2015-ci ildə orta məktəbi bitirib işləməyə başlayır.

O, 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılır. Xidmət etdiyi hərbi hissə komandiri tərəfindən ailəsinə təşşəkkürnamə göndərilir. 2018-ci ildə hərbi xidmətini bitirib, yenidən iş həyatına qayıdır. 27 sentyabr Vətən Müharibəsi başlayanda İsmayıl Biləsuvar rayonuna qayıdır və adını könüllülər siyahısına yazdırır. Oktyabrın 9-da cəbhəyə yola düşür. İlkin olaraq Ağcabədiyə, oktyabrın 14-u isə Cəbrayıl uğrunda gedən döyüşlərə qoşulur. İsmayıl Qədirli daha sonra Qubadlı, Füzuli, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Xocavəndin Qırmızı Bazar qəsəbəsi yaxınlığında gedən döyüşdə qəhrəmancasına şəhid olur. O, 28 oktyabr tarixində Biləsuvar şəhərində dəfn olunur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Qədirli İsmayıl ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və  "Füzulinin azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.

Müşfiq MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью