Vətənpərvərlik və dövlətçilik əzminin təcəssümü ADPU da Zəfər Günü tədbiri

05.11.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “8 Noyabr – Milli qürurumuz və dövlətçilik əzmimiz” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a ADPU-dan bildirilib. ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi misilsiz qəhrəmanlıqdan, xalqımızın birliyindən və dövlətimizin qətiyyətindən bəhs edib. Cəfər Cəfərov Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətini vurğulayaraq, bu tarixi Qələbənin milli qürur, vətənpərvərlik və dövlətçilik əzminin təcəssümü olduğunu qeyd edib. Rektor ADPU-da Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində və tarixi yaddaşın qorunmasında əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra polkovnik Şair Ramaldanov “Ordumuz, Zəfərimiz, Qürurumuz” adlı məruzə ilə çıxış edib. Məruzədə təhsil müəssisələrində vətənpərvərlik ruhunun təbliği və maarifləndirmə işlərinin əhəmiyyətindən bəhs olunub. Şair Ramaldanov Vətən müharibəsi dövründə milli birlik, vətənə bağlılıq və vətənpərvərlik amillərinin mühüm rol oynadığını vurğulayaraq, bu dəyərlərin gənc nəslə aşılanmasının vacibliyini qeyd edib.

ADPU-nun Ədəbiyyat kafedrasının professoru Təyyar Salamoğlu “Zəfər Gününün dəmir yumruq fəlsəfəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Zəfərin ideoloji və mənəvi əsasları, milli həmrəyliyin gücü və “Dəmir Yumruq” ifadəsinin tarixi-siyasi mahiyyəti ətrafında fikirlər səsləndirilib.

Tədbir məruzələr ətrafında müzakirələrlə davam edib. Çıxışlarda Zəfər Gününün tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi və qazanılmış qələbənin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью