Vəzifəsi dəyişən prokuroru niyə Tərtər hadisələrində ittiham edirdilər?

03.02.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Bu günün əsas müzakirə mövzularından biri 16 il Azərbaycanın hərbi prokurorunun müavini olmuş Şəfahət İmranovun bu vəzifədən azad edilərək, Abşeron rayon prokuroru təyin edilməsi oldu.

Bu barədə Baş Prokurorluğun yaydığı rəsmi açıqlamada bildirilir ki, Baş prokuror Kamran Əliyevin əmri ilə Şəfahət İmranov həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq ona baş ədliyyə müşaviri xüsusi rütbəsi verilib.

Şəfahət İmranovla bağlı baş verənlər ona görə ictimai müzakirə mövzusu oldu ki, o, Tərtər hadisələrində ən çox adı hallanan vəzifəli şəxslərdən biridir. İllərdir zərərçəkmiş şəxslər cəzalandırılmasını tələb etdikləri vəzifəlilər sırasında məhz Şəfahət İmranovun da adını çəkirlər.

Tərtər hadisələri ilə bağlı məhkəmə proseslərində də dəfələrlə onun çağırılıb dindirilməsi barədə vəsatətlər qaldırılıb. Çünki həmin hadisələr vaxtı dövlətə xəyanətdə ittiham olunaraq, illərlə həbsdə saxlanmış şəxslərin haqqında cinayət işi başlanması qərarında Şəfahət İmranovun imzası var. Elə hərbçilər də var ki, onlar “vətən xaini” adı altında işgəncə ilə öldürülüblər. Onların da haqqında Şəfahət İmranovun qərarı ilə cinayət işi başlanıb. Lakin sonradan bəraət alıblar.

Müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE), kiçik çavuş Elçin Quliyev 2017-ci ilin mayında dövlətə xəyanətdə suçlanaraq saxlanan və barəsində cinayət işi başlanan çoxsaylı hərbçilərdən biri olub. O, öldüyünə görə, Hərbi prokurorun müavini Şəfahət İmranovun qərarı ilə Elçin Quliyevin barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

2021-ci ilin dekabrında Baş prokurorun qərarı ilə Tərtər hadisələri yenidən araşdırılmağa başlanandan sonra 2022-ci il yanvarın 31-də Şəfahət İmranovun həmin qərarını Baş prokuror Kamran Əliyev ləğv edib. Daha sonra Elçin Quliyevə bəraət verilib.

2017-ci ilin may-iyun aylarında həyata keçirilən həbslərlə bağlı istintaqa Şəfahət İmranov rəhbərlik edib. Bu səbəbdən də 6 ilə yaxın həbsdə qalandan sonra bəraət almış şəxslər tələb edirdilər ki, Şəfahət İmranov cəzalandırılsın. Yaxud da ən azı, məhkəmədə şahid qismində dindirilərək cavab versin. Desin ki, hansı əsasla onlar dövlətə xəyanət kimi ağır cinayətdə ittiham olunublar. Lakin bununla bağlı qaldırılan vəsatətlər hər dəfə rədd olunurdu.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью