Vəzifəsindən azad olunan məmurlar sonra hansı işlə məşğul olurlar? AÇIQLAMA

29.01.2026

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son dövrlər mərkəzi icra orqanları olmaqla bir çox sahədə məmurlar işdən azad edilir və ya başqa yerə təyin olunur. İşdən azad olunan məmurların sonradan nə işlə məşğul olması cəmiyyətdə sual doğurur.
Mövzu ilə bağlı deputat Arzuxan Əlizadə bildirib ki, kadr islahatları nəticəsində müxtəlif sahələrdə çalışan məmurların və digər kateqoriyadan olan şəxslərin iş yerlərindən ayrılması halları müşahidə olunur:
"Bu isə işlə təminat məsələsini aktuallaşdırır. İxtisara düşən şəxslərin öz ixtisaslarına, peşə bacarıqlarına və təcrübələrinə uyğun şəkildə yenidən işlə təmin olunmaları üçün müəyyən addımlar atıla bilər. Hansı sahədə fəaliyyət göstərəcəkləri isə əsasən həmin şəxslərin şəxsi seçimlərindən və imkanlarından asılıdır. Hər bir insan təbii olaraq öz peşəsinə və ixtisasına uyğun sahədə işləmək istəyir və daha yaxşı bildiyi, özünə yaxın olan istiqamətləri seçməyə üstünlük verir".
Deputat deyib ki, işlə təmin olunma məsələsi təkcə fərdi seçimlə məhdudlaşmır, eyni zamanda mövcud əmək bazarında uyğun iş yerlərinin olub olmaması ilə də bağlıdır:
"Elə sahələr olmalıdır ki, həmin şəxslər orada fəaliyyətlərini davam etdirə bilsinlər. Bu səbəbdən məsələyə ümumi və birmənalı cavab vermək mümkün deyil. Fərdi seçimlər hər zaman mövcuddur, lakin istənilən halda hər bir vətəndaşın işləmək və işlə təmin olunmaq hüququ var. Arzu olunan odur ki, heç kəs işsiz qalmasın, insanlar öz istədikləri sahədə iş tapmaqda çətinlik çəkməsin və işlə təminatla bağlı əlavə problemlərlə üzləşməsin".
Qeyd edək ki, idarəetmədə təcrübə toplamış şəxslərin potensialının düzgün qiymətləndirilməməsi dövlət resurslarının səmərəsiz istifadəsinə səbəb ola bilər. Kadr islahatlarının məqsədi idarəetməni gəncləşdirmək və çevikləşdirmək olsa da, təcrübəli kadrların özəl sektora və ya məsləhətçi qurumlara inteqrasiyası dövlət-özəl tərəfdaşlığının inkişafı üçün mühüm amildir.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью