Vəziyyət artıq cəmiyyəti, dövlətimizi narahat etməyə başlayırdı Çingiz Qənizadə

03.02.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş 4 Azərbaycan vətəndaşları Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məsuliyyətinə cəlb edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu barədə DTX-nın məlumatında bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan vətəndaşlarının müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunmaları istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Demokrat.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, DTX-nın əməliyyatı çox ciddi problemin aradan qaldırılması istiqamətində həyata keçirilən vacib əməliyyatdır: “Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmək cinayət məsuliyyəti yaradır. Bu barədə dəfələrlə ictimaiyyətə məlumat verilib, insanlar maarifləndirilib. Lakin belə görünür ki, bəzi insanlar qanunun tələbini pozmaqdan çəkinməyərək Rusiya-Ukrayna müharibəsində döyüşə qatılırlar. Vəziyyət artıq cəmiyyəti, dövlətimizi narahat etməyə başlayırdı. DTX tərəfindən həyata keçirilən həbslər tam qanunvericiliyə uyğundur.
Belə hesab edirəm ki, bu, Rusiya-Ukrayna müharibəsində döyüşmək istəyində olan digər vətəndaşlarımız üçün də bir dərs olmalıdır və onları çəkindirməlidir. Onlar bilməlidirlər ki, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrdə-istər Rusiya, istər Ukrayna tərəfindən döyüşmələri ya onların həyatı bahasına, ya da azadlıqdan məhrum edilmələri bahasına başa gələcək. Azərbaycan Respublikasının qanunvericiliyinə görə Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan vətəndaşlarına qarşı ciddi cəzalar tətbiq olunur, çünki belə fəaliyyət cinayət hesab olunur. DTX-nın 4 nəfəri Rusiya-Ukrayna müharibəsində iştirak etdikləri üçün həbs etməsi qanunun real tətbiqinə daha bir nümunədir və göstərir ki, yalnız sözlə deyil, praktik olaraq da tədbirlər həyata keçirilir”.
Hüquq müdafiəçisi onu da qeyd edib ki, saxlanılan və bundan sonra da saxlanılacaq şəxslərin istintaqı zamanı onların hansı şəraitdə Rusiya-Ukrayna müharibəsində iştirak etməsi məsələsi aydınlaşdırılmalıdır: “Biz bilirik ki, Rusiyada yaşayan, cəza çəkən azərbaycanlıları və qeyri-rus millətindən olan digər millətlərin nümayəndələrini məcburi qaydada döyüşlərə aparırlar. Bizdə olan məlumatlara görə, hətta döyüş bölgələrindən qaçmaq istəyənləri arxadan vururlar. Əgər Azərbaycan vətəndaşı olan şəxslər həmin döyüşlərə məcburi aparılıbsa bu nəzərə alınmalıdır və onların məsuliyyətindən azad edilməsinin mümkünlüyünə baxılmalıdır. Muzdluluq–xarici döyüşlərdə maddi qarşılıq almaq üçün iştirak etmək isə Azərbaycan Cinayət Məcəlləsinə əsasən cinayət əməli hesab edilir və buna görə məsuliyyət nəzərdə tutulur. Cinayət məsuliyyəti 8 ildən 20 ilədək azadlıqdan məhrumetmə, xüsusi hallarda isə ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur”.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью