Vəziyyət gərginləşir, İranın ürəyi hədəfdə: Xarq adası uğrunda savaş başlayır? ŞƏRH

11.06.2026

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın İranla bağlı səsləndirdiyi son açıqlamalar dünya ictimaiyyətinin diqqət mərkəzinə çevrilib.

Trampın İrana qarşı yaxın saatlarda genişmiqyaslı hərbi əməliyyatların başlaya biləcəyini və ölkənin neft ixracında əsas rol oynayan strateji Xarq adasının nəzarətə götürülməsinin hədəfləndiyini bildirməsi regionda yeni təhlükəsizlik narahatlıqları yaradıb.

Son aylarda Vaşinqton və Tehran arasında münasibətlərin daha da gərginləşdiyi bir vaxtda səslənən bu bəyanat mümkün hərbi eskalasiya ehtimalını yenidən gündəmə gətirib.

Maraqlıdır görəsən, Trampın açıqladığı ssenari regionu daha böyük müharibə təhlükəsi ilə üz-üzə qoya bilərmi? İran iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan Xarq adasının ələ keçirilməsi hərbi baxımdan nə dərəcədə real görünür? Turkustan.az bu sualları politoloq Tural İsmayılova ünvanladı.

Tural İsmayılov

Trampın son bəyanatları Vaşinqtonun İrana qarşı təzyiq siyasətini davam etdirmək niyyətində olduğunu göstərir. Bununla belə, hərbi əməliyyatların miqyasını yalnız siyasi ritorikaya əsaslanaraq qiymətləndirmək doğru olmaz. ABŞ administrasiyası adətən hərbi addımların regional və qlobal nəticələrini də nəzərə alır.

Xarq adası İranın enerji infrastrukturu baxımından strateji əhəmiyyət daşıyır. Lakin belə bir ərazinin birbaşa ələ keçirilməsi adi hərbi zərbələrdən fərqli olaraq daha mürəkkəb siyasi və hərbi qərarlar tələb edir. Bu səbəbdən hazırkı mərhələdə belə bir ssenarinin qaçılmaz olduğunu söyləmək çətindir.

Ümumilikdə, yaxın dövrdə tərəflər arasında təzyiq və qarşılıqlı mesajlar davam edə bilər. Hadisələrin inkişafı isə daha çox siyasi qərarlardan, diplomatik kanalların fəaliyyətindən və tərəflərin riskləri necə qiymətləndirməsindən asılı olacaq. Politoloji baxımdan vəziyyət hələ də yüksək gərginlik mərhələsində olsa da, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi barədə qəti proqnoz vermək tezdir.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью