Vicdan tənəsi Əlisəfa Azayev yazır

02.11.2026

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hörmətli Bəxtiyar müəllim! Baş redaktoru olduğunuz «Azərbaycan» qəzetində dərc olunmuş «Gülən günün ağrılı xatirələri» yazınızı böyük həvəs, maraqla oxudum və sanki ömrümüzün son otuz illik acı mənzərəsi gözlərim önündə canlandı.

Bəli, bu illərdə biz nələr çəkmədik! Naxələflərlə, satqınlarla, xəyanətkarlarla üz-üzə, göz-gözə qaldıq! Haqlı, vicdanlı olduğunu sübut etmək də çox çətin idi. Yaxşı yadımdadı, 1989-cu il Kürdəmir rayon partiya konfransında Qarabağ hadisələrindən təsirlənmiş halda cəbhəyə getmək üçün MK nümayəndəsi Səyavuş Vəliməmmədova ərizə təqdim etdim. O vaxtlar o, Qarabağ Təşkilat Komitəsinin üzvü idi, Stepanakertdə otururdu. Əvvəl Göyçay Rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. Məni xeyli öydü, təriflədi. Məktubu MK-ya çatdıracağını dedi. Ancaq nəticəsi olmadı. Onda mən Kürdəmir Rayon İcraiyyə Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində işləyirdim. Bəzi ağzıgöyçəklər bunu yüz yerə yozdular. Kimisi özün göstərmək, kimisi vəzifə axtaran kimi. Halbuki ölümə getmək istəyirdim. Hətta onda «İrəli» rayon qəzeti bu barədə bir kəlmə də yazmadı. Gəncliyə bundan gözəl, təsirli hansı nümunə ola bilərdi?!

Mən ədəbiyyat sahəsində əsl mənada mənəvi atam, böyük yazıçımız Əlfi Qasımovun doğulduğu Ağdam torpağının, candan əziz bildiyim Şuşanın müdafiəsinə, bütün Azərbaycanımızın parçalanmasının qarşısını alanlardan biri olmaq üçün cəbhəyə getmək istəyirdim.

Təsəllimi «Kürdəmir şəhidləri», «Əsgər anası», «Qanlı gündəlik» kitablarımı yazmaqda az-çox tapdım. Bu günlərdə eşidəndə ki, həmin povestlər əsasında Milli Elmlər Akademiyasının tənqid şöbəsi tərəfindən hazırlanmış Qarabağ mövzusunda məruzə Türkiyədə böyük bir konfransda səsləndirilib (filologiya üzrə fəlsəfə elmləri namizədi Nurlanə Məmmədova tərəfindən), sevincimin həddi-hüdudu olmadı. Hətta tanımadığım həmin xanımla məni tanış edib, həmin konfransın materialları dərc olunmuş bir jurnal təqdim etdilər. Beynəlxalq jurnal idi. Dörd dildə çap olunmuşdu: ingilis, rus, türk və Azərbaycan dillərində. Mənim kitablarımın əsasında hazırlanmış məruzə də orada idi.

Bəli, respublikamızı o fəlakətdən əsl mənada Ulu Öndərimiz Heydər Əliyev qurtardı! Müstəqilliyimizi hansı təhlükələr gözləmirdi?!. O, sanki zərgər dəqiqliyi ilə ilk bünövrə daşlarının düzülməsinə çalışdı, səy göstərdi. Silahla yox, sözlə zəfərlər qazandı! Bugünkü zəfərlərin bünövrəsi elə o illərdə qoyuldu: Lissabon, İstanbul, Moskva, ABŞ görüşlərində.

İyirmi mindən artıq say-seçmə oğullarımızı əlimizdən alan Birinci Qarabağ döyüşlərində 1994-cü ildə atəşkəsə nail olmaqla Heydər Əliyev minlərlə gəncimizin həlak olmasına son qoydu. 1995-ci ildə neft kontraktlarını bağlamaqla ölkəmizin çökmüş iqtisadiyyatının dirçəlməsinə nail oldu. Elə həmin il yeni Konstitusiyamızın qəbulu ilə hüquqi dövlət kimi hakimiyyət bölgüsünü müəyyən edərək, bugünkü müstəqil Azərbaycanımızın əsl mənada inkişafını, sivil bir cəmiyyət halında formalaşmasını təmin etdi.

Ancaq yaxşı deyirlər ki, oğul var ata malını, mülkünü abad edir, oğul da var ki, bərbad edir. Biz prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin şəxsində nadir bir şəxsiyyətimizi tanıdıq, onun rəhbərliyi altında doğma Qarabağımız bizim oldu. Heydər Əliyevin sözləri necə də həqiqət oldu: "Mən İlham Əliyevə inanıram".

Hələ universitet illərində, hüquq fakültəsində oxuyanda, bizə "Azərbaycan tarixi"ndən dərs deyən, əslən iranlı olan Tarixpeyma adında müəllimimiz deyərdi: "Bir xəritəmizə baxın. Azərbaycan sanki nurlu bir anadır, Qarabağ onun qucağındakı körpə, tifil balası!.. Bax, ermənilər onu, onun əlindən almaq istəyirlər..." deyib uşaqtək kövrələr, bizi də kövrəldərdi. Çox sağ olsun Heydər Əliyevi, onun qadir oğlu İlham Əliyevi ki, bizi bu müsibətdən, fəlakətdən, vicdan əzabından, vicdan tənəsindən qurtardı! Həyatda vicdan əzabından, vicdan tənəsindən ağır bir müsibət yoxdur. Sən hər şeyi görürsən, dərk edirsən, kimin haqlı, kimin haqsız olduğunu... Ancaq əlindən heç nə gəlmir. İstər-istəməz ağrınırsan, acıyırsan, gözlərin yaşarır, yaş süzülür... Bəzən uşaqtək kövrəlib ağlayırsan...

Son otuz il bizim üçün belə keçmədimi? Qaçqınlar, köçkünlər, didərginlər bizim vicdan əzabımız, vicdan tənəmiz deyildilərmi? Şadlan, Vətənim, şadlan, xalqım, sənin İlham Əliyev kimi Prezidentin, Ali Baş Komandanın var! O, bizi bu əzablardan qurtardı! Otuz illik dünya laqeydliyinə, Azərbaycanın əzab çəkməsinə, saysız-hesabsız məğlubiyyətlərinə, acılarına, ağrılarına "yox!" dedi, qalib gəldi! Sən ona ən uca bir zirvədə abidə ucaltmalısan. O, əsl mənada Qarabağ fatehi oldu! Onun yeri bu zirvədə aydın görünür!

Mən qələm sahibi, yazıçı olsam da, daha çox detektiv yazılar yazardım. Qarabağ müharibəsi mənə Ulu Öndərimiz Heydər Əliyev haqqında «Qarlı zirvə» romanını yazdırdı. Milli Elmlər Akademiyasında keçirilən tədbirdə akademik İsa Həbibbəyli roman haqqında xoş sözlər dedi. Mübariz İbrahimov, general Polad Həşimov barədə «Mübariz cəsurluğu», «General qətiyyəti» romanlarım yazıldı və çap edildi.

Bunları mənə Qarabağın dərdləri, əməlləri, göz yaşları yazdırdı. Hər bir əsəri yazanda qələm sahibi nələr çəkir, onu bir Allah bilir, bir də özü. Həyat yoldaşımın gecənin bir aləmində mənə «Əlisəfa, niyə ağlayırsan?!» deməsi, sorğusu heç vaxt yadımdan çıxmır. Kürdəmir hərbi bazasının komandiri Əli Hidayətovun ermənilərin vurduğu, yana-yana Kürdəmir hərbi bazasına endirdiyi təyyarəni təsvir edirdim. Onun haqqında yazdığım «Alay komandiri» povestində.

Mən deyərdim ki, bəlkə də elə ən təsirli, unudulmaz yazım 44 günlük zəfər günlərimizdən, İkinci Qarabağ döyüşlərindən, Vətən müharibəmizdən bəhs edən «Böyük Zəfər» romanıdı. Onun da baş qəhrəmanı Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevdir. İlahi, biz onun rəhbərliyi, dəmir yumruğu hesabına nələrə nail olmadıq?! Şükürlər olsun ki, gözəl Qarabağ torpaqlarımız bizimdir! Ulularımız, ailəmiz, yaxınlarımız qarşısında başıaşağı, xəcil qalmadıq! Övladlarımızın, özümüzün göz yaşlarımız qurudu. Biz təskinlik tapdıq, üzümüz güldü! Xəcil, üzüqara qalmadıq!

Bu yaxınlarda Bərdə-Tərtər yolu ilə gedirəm... Həmişə o yolu gedəndə bir sıxıntı hiss edərdim. Xüsusilə Murov dağları tərəfə baxanda. Sanki o yerlər qan ağlayardı. Həmişə qaranlıq, dumanlı, cansıxıcı bir mənzərə görərdi. Sanki Murov itirdiyimiz torpaqların, yaxınların, ata-analarımızın, bacı-qardaşlarımızın tənəsini vururdu bizə!.. İndi isə sanki toyu tutulmuş gənc bəy, gəlin kimi gülümsəyirdi! Doğmaqda olan günəşin al şəfəqləri fonunda necə də nazlı gəlintək cilvələnir, yaraşıqlı, gözəl görünürdü. Sanki bizə minnətdarlıq edir, çox sağ ol deyirdi. Bütün bunlarda isə şəhidlərimizin, qazilərimizin, prezidentimizin, Ali Baş Komandanımızın əvəzsiz payı vardı!

İndi isə dinc quruculuq dövründəyik. Vicdan əzabını, vicdan tənəsini bəzi naxələflərin yersiz hərəkətlərinə görə çəkirik. Mənasız təşəbbüslər, mənasız çığır-bağırlar hansısa bir sahələrdəki boşluğun, o sahədəki kadrların rəhbərlik etdikləri təşkilatda sayıqlıqlarını itirməsinin nəticəsidi. Lazımi siyasi işin aparılmaması, təbliğat-təşviqatın zəif olması belə xoşagəlməzliklər yaradır. Məktəb müqəddəs yerimizdi. Orada hər şey yerində, səliqə-sahmanlı olmalıdı. Vahid formanın olmasına ciddi çalışmalıyıq. Heç bir söz-söhbətə, partlayışa yol vermədən.

Tarix boyu cəmiyyətin əsas aparıcı təbəqələri olub. Müəllimlər, həkimlər, mühəndislər, hərbçilər, ticarətçilər, təsərrüfatçılar... İranın Şahpur şahının gözəl bir kəlamı, fikri var. Mənası belədir ki, müzəffər başçısı, ədalətli hakimi, bilici loğmanı, gur bazarı, bol sulu çayı olan diyarda, ərazidə yaşayan xalqlar xoşbəxtdirlər.

Məşhur bir Şərq misalı da var. Deyir ki, sanki İlahi yer üzünə var-dövlət paylayanda, Sibir ərazisindən keçəndə əlləri soyuqdan titrəyir, donur, bütün ləl-cəvahirat, qızıl, brilyant hamısı o əraziyə tökülür. İndi sanki İlahi də bizim ərazi üçün hər şeyi verib. Gileylənəsi halımız olmamalıdır. Nələr yoxdu respublikamızın ərazisində. Heç vaxt yadımdan çıxmır. Gənclik illərində ixtisas üzrə işləmək üçün Rusiyanın bir neçə vilayətinə müraciət etdim. Bir neçəsi, o cümlədən Pskov vilayətindən xoş cavab aldım. Məni milisdə müstəntiq yerinə dəvət etdilər. Dərhal yola düşdüm. Burada bir aya tibbi komissiyadan keçdiyim halda, orada bir gündə keçdim. Bir terapevt həkim qaldı. O da yaşlı adam idi, harasa gedibmiş, səhər gəldi. Məni müayinə edəndə dedi: "Oğul, burada nə var?! Sizin o  Günəş elə hər şeyə dəyər!.." Bəlkə də elə bu sözlər mənim sonradan geri qayıtmağıma səbəb oldu. Peşman da olmadım.

Bu gün Azərbaycanımızın yüksəlişini, əmin-amanlığını, sakitliyini görüb çoxları geri qayıdır. Mən onların bəzisini görəndə qəlbən ağrınıram. Ağır müharibə illərində bu insanlar harada idi?! Vətənə, xalqa belə nümunə olmaq olmaz! Bəzisi günah sahibi olsa da, gəlişinə elə şadyanalıq təşkil edirlər ki, adam xəcalət çəkir. Vətənin milyonlarını göyə sovurana az qala heykəl qoyurlar, dəbdəbəli ziyafətlər, şənliklər təşkil edirlər, haqqında yazılar, kitablar çap edirlər. Çox pis! Səd heyif! Belə yaramaz. Hər bir hərəkətimiz gələcək nəsillərə nümunə olmalıdı.

Mən heç kimi tərifləmək fikrində deyiləm. Ancaq deyəcəyəm, “Azərbaycan” qəzetindəki elə bu yazı başqalarına da nümunə olmalıdı. Acınacaqlı haldı ki, ölkənin bir nömrəli qəzetinə abunə beləcə zəifləyib. Nə qədər ürək ağrıdan olsa da, deyəcəyəm. Elə təşkilatlar var ki, qəzetlərə abunə olunmayıb. Xüsusilə aparıcı qəzetlərə. Daha belə olanda, hansı haqdan, ədalətdən danışmaq olar?!

Böyük ədibimiz Həsən bəy Zərdabi yazırdı: “Qəzetin borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq nikü-bədindən xəbərdar olub, onun əlacının dalınca olsun”. Böyük dramaturqumuz M. F. Axundovun sözləridir: "Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, imlanın düzgünlüyü olmalıdır". Böyük Atatürk demişdir: "Mətbuat millətin ortaq səsidir". Fransız yazıçısı Alfons Dodenin fikridir: "Zəmanəmiz partlayıcı maddədən də təhlükəli olan sözü ilə qorxulu oyunlar oynamaqdadır".

İmkan düşmüşkən, səviyyə nümayiş etdirə bilməyən qələm sahiblərinə, naşirlərə demək istəyirəm ki, yazıya pozu yoxdur, haqq sözdür! Tariximizə, ədiblərimizə, millətimizə, onun hər bir sakininə hörmətlə yanaşın. Haqlı tənqiddən inciyən olsa da, yeri gəlsə, lap peşmanlığını bildirəcək, səndən üzr də istəyəcək. Ancaq haqsızlıq çox pis şeydir. Özünüzə heç nədən düşmən qazanmayın. Bu gün əhəmiyyət vermədiyiniz bir yazı, sabah əsl mənada sizin ittiham hökmünüz kimi səslənər, taleyinizi qara gətirər.

Bəxtiyar müəllim, mətləbi çox da uzatmaq fikrində deyiləm. Sadəcə onu demək istəyirəm ki, bu gün baş redaktoru olduğunuz “Azərbaycan” qəzeti əsl mənada dövlətimizin, yurdumuzun salnaməsi kimi, çox əhəmiyyətli, tarixlərin yadigarı olacaq bir qəzetdir. Sizə, kollektivinizə bu yolda uğurlar diləyirəm! İnanın, bu vəzifə şəxsən mənim üçün çoxlarından çox-çox şərəfli, uca, həm də məsuliyyətlidi! Siz deputat, millət vəkili olanda lap mən təəssüflənərdim ki, əsas iş başında olsanız da, qəzetin yeri başqadır. Necə ki, məşhur ingilis atalar sözündə deyilir: “Baş nazir olmaq "The Times" qəzetinin baş redaktoru olmaqdan qat-qat asandır”.

Böyük fransız filosofu, yazıçısı Fransua Volterin sözləridir: "Jurnalist qələmi möhkəm və iti baltaya bənzəyir, o, sanki dünyanı dağıdıb, yeni bir dünya yaratmaq üçün düzəldilib". Hz. Musanın kəlamıdır: "Dostunu, ətrafını, özünü sevdiyin kimi sev". Hz. İsa demişdir: "Həqiqət səni azad edəcək". Hz. Məhəmməd (s.ə.s.) buyurmuşdur: "Beşikdən məzara qədər elm istəyin". Bəli, hər birisi həm əxlaqlı, həm də elmli olmağımızı istəyiblər. Çünki millətin xilası bundadı. Qanuni Sultan Süleyman demişdir:

"Xalq içində mötəbər bir nəsnə yox dövlət kimi,

Olmaya dövlət cahanda bir nəfəs səhhət kimi".

Böyük şairimiz Hüseyn Cavidin qızıl misralarıdır:

"Turana qılıncdan daha kəskin ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!"

"Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir" deyən Heydər Əliyev, həm də demişdir: "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". O, həm də demişdir: "Kim müxalifətdə durursa, dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın". Bu sətirlər isə onun qızıl sözlərindəndir: "Cəmiyyətimizin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır". Bu kəlamı isə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü göstərir: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirirsə, bir o qədər zəngin olur. Çünki onların hər biri dünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir". Heydər Əliyevin sözləridir: "Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun". O, haqlı olaraq demişdir: "Dövlət iki halda sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə". Bu sətirlər də onun qiymətli kəlamlarındandır: "Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər kəs özü seçir". Bir də onu demişdir: "Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər". Bəli, deyilənlərə əməl etsək, heç bir vicdan əzabı çəkməz, vicdan tənəsi ilə qarşılaşmarıq!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью