sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Əlbəttə, Azərbaycan Kubokunun finalının Gəncə Şəhər Stadionunda keçirilməsi müsbət haldır". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycanın veteran futbolçusu Vidadi Rzayev deyib.
Veteran futbolçu Azərbaycan Kubokunun finalının Gəncədə keçirilməsini müsbət qiymətləndirib
"Yeni stadiondur, gözəl azarkeşləri var və düşünürəm ki, final üçün yaxşı atmosfer olacaq. Azərbaycanda bir dəfə qızıl oyun Gəncədə keçirilib – "Neftçi" ilə "Xəzər Lənkəran" arasında. Amma bildiyim qədər, Azərbaycan Kubokunun finalı Gəncədə keçirilməyib. Ona görə də bu, şəhər üçün ilk belə hadisə olacaq. İnşallah, Gəncədə gözəl və maraqlı oyun izləyərik. Finalın Gəncədə keçirilməsi "Kəpəz"ə əlavə motivasiya olacaqmı? Əlbəttə, hər bir komanda kuboku qazanmaq istəyir. Hətta daha zəif komandalar belə belə bir uğura imza atmağı arzulayır. Finalın doğma şəhərdə keçirilməsi "Kəpəz" üçün müəyyən mənada əlavə stimul yarada bilər. Amma bunun komandanın finala qədər irəliləməsinə təsir edib-etməyəcəyini indidən demək çətindir. Hazırkı vəziyyətə baxanda isə "Kəpəz"in finala vəsiqə qazanması real görünmür".
Qeyd edək ki, Azərbaycan Kubokunda 34 komanda iştirak edəcək. 1/4 finala qədər qalib bir oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Daha sonra ev-səfər prinsipi tətbiq olunacaq. Azərbaycan Kubokunun final matçı 2027-ci il mayın 12-də Gəncə stadionunda təşkil olunacaq.