VİDEOsuna görə işindən oldu Bu cür hərəkətlər dərs zamanı...

22.01.2026

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Son illər məktəblərdə və məktəbdən kənarda müəllimlərin və şagirdlərin etdiyi hərəkətlər tez-tez gündəmə gəlir. Hətta direktorlar belə qeyri-etik davranışlarına görə töhmət alır, işdən çıxarılır. Ötən gün Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr evi–uşaq bağçasının musiqi müəllimi Əsgərova Elnarə Tahir qızı sosial şəbəkələrdə qeyri-etik davranışlarına görə işdən azad edilib. 
Məsələ ilə bağlı təhsil eksperti Şəmsi Qoca Demokrat.az-a bildirib ki, musiqi müəlliməsinin sosial şəbəkələrdə yayılan videosuna görə işdən çıxarılması qanuni baxımdan mübahisəlidir:
Əmək qanunvericiliyinə əsasən, işçi yalnız əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara görə işdən azad edilə bilər. Sosial şəbəkələrdə şəxsi vaxtda edilən davranışlar, əgər bu hallar əmək müqaviləsində ayrıca məhdudlaşdırılmayıbsa, işdən çıxarılma üçün əsas sayıla bilməz".
Ekspert deyib ki, müəllimənin əmək müqaviləsində sosial şəbəkələrdə davranışla bağlı konkret öhdəliklər yer almırsa, onun işdən azad edilməsi qanunsuz hesab olunur. Lakin, bu cür hərəkətlər dərs zamanı və ya iş prosesində baş verərsə, işə müdaxilə kimi qiymətləndirilə bilər.
"Belə hallarda adətən Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad edilir. Bəzi hallarda işçidən ərizə yazdırılaraq könüllü şəkildə işdən çıxma rəsmiləşdirilir, bəzən isə birbaşa həmin maddə ilə əmək müqaviləsinə xitam verilir. Bu məqamın necə baş verdiyi mütləq dəqiqləşdirilməlidir"- deyə eskpert bildirib. 
Onun fikrincə, əgər işdən azad edilmə 70-ci maddənin müvafiq bəndi ilə həyata keçirilibsə və bunun üçün hüquqi əsas yoxdursa, işçi məhkəməyə müraciət edə bilər. 
"Əmək qanunvericiliyi bu maddənin istənilən halda tətbiqinə yol vermir.
Məsələnin etik tərəfi də var. Sosial şəbəkədə yayılan davranış müəllim peşəsinə uyğun olmaya bilər və bu, ictimai qınaq doğura bilər. Lakin etik narazılıq birbaşa işdən azad edilmə ilə nəticələnməməlidir. Qanunvericilikdə belə hallar üçün xəbərdarlıq və ya intizam tədbirləri nəzərdə tutulur. Sosial şəbəkələrdə iş vaxtından kənar davranışların işə birbaşa aidiyyəti yoxdur. Yalnız bu cür hərəkətlər dərs zamanı və ya iş prosesində baş verərsə, işə müdaxilə kimi qiymətləndirilə bilər. Əks halda, işçinin şəxsi həyatı onun əmək münasibətlərinə əsas ola bilməz".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью