“Vikinq” “Sabah”: UEFA nə yazır?

01.11.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

“Vikinq” – “Sabah”: UEFA nə yazır?

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda keçiriləcək “Vikinq” (Norveç) – “Sabah” (Azərbaycan) oyunu ilə bağlı maraqlı statistik məlumatlar yayımlayıb.

QOL.az xəbər verir ki, yazlda hər iki komandanın avrokuboklardakı çıxışı, qarşılıqlı əlaqələri və diqqətçəkən göstəriciləri təqdim edilib.

Komandalar ilk dəfə qarşılaşacaq

“Vikinq” və “Sabah” indiyədək bir-biri ilə oynamayıb. Üstəlik, hər iki klub üçün bu, müvafiq olaraq Azərbaycan və Norveç təmsilçilərinə qarşı ilk oyun olacaq.

“Vikinq” sonuncu dəfə 1992/93 mövsümündə Çempionlar Liqasında iştirak edib. Həmin vaxt Norveç klubu ilk mərhələdə “Barselona”ya iki oyunun nəticəsinə görə 0:1 hesabı ilə uduzub.

“Sabah” isə tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edir. Bakı təmsilçisi 2023/24 mövsümündən başlayaraq ardıcıl dördüncü dəfə avrokuboklarda iştirak edir. Əvvəlki üç mövsümdə komanda Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandırıb.

“Vikinq”in “Qarabağ”la bağlı futbolçuları

Norveç klubunun hücumçusu Erik Botheim 2024/25 mövsümündə Avropa Liqasının əsas mərhələsində “Malmö”nün heyətində “Qarabağ”a qarşı səfər oyununda (2:1) hər iki qolu vurub.

Digər hücumçu Veton Berişa isə 2023/24 mövsümündə “Molde”nin heyətində “Qarabağ”a qarşı iki dəfə meydana çıxıb. Həmin görüşlərdə Norveç klubu səfərdə 0:1 hesabı ilə uduzub, evdə isə 2:2 hesablı heç-heçə edib.

“Vikinq”in statistikası

Norveç təmsilçisi Çempionlar Liqasının əsas mərhələsində hələ qələbə qazanmayıb. Komanda ilk üç turda bir heç-heçə edib, iki dəfə məğlub olub.

“Vikinq” 2-ci turda öz meydanında “Bavariya” ilə 3:3 hesablı heç-heçə edərək turnirdə ilk xalını qazanıb. Son turda isə “Aston Villa”ya səfərdə 1:3 hesabı ilə uduzub. Komanda son 11 avrokubok matçının hamısında qol vurub. Bu, klub rekordudur.
“Vikinq”in evdə keçirdiyi son 7 oyunun hər birində ən azı 3 qol qeydə alınıb. Komandanın UEFA turnirlərindəki son 27 ev matçının heç biri qolsuz başa çatmayıb. Sonuncu belə nəticə 1992/93 mövsümündə “Barselona” ilə görüşdə (0:0) qeydə alınıb.

Zlatko Tripiç “Vikinq”in Çempionlar Liqasındakı 5 qolundan 3-də birbaşa iştirak edib – 1 qol və 2 məhsuldar ötürmə. Peter Kristiansen isə son iki oyununda fərqlənib.

“Sabah”ın statistikası

Azərbaycan təmsilçisi avrokuboklarda son 3 səfər oyununda məğlub olub. Bunlardan biri Çempionlar Liqasının ilk turunda “Mançester Yunayted”ə 0:4 hesablı məğlubiyyətdir.

“Sabah” bu mövsüm Çempionlar Liqasında keçirdiyi 11 oyunun 7-də qalib gəlib, 4-də uduzub. Komanda 5 görüşdə qapısını toxunulmaz saxlayıb.

Bakı təmsilçisi əsas mərhələnin 2-ci turunda “Slaviya”nı (Praqa) 2:0 hesabı ilə məğlub edib. Son turda isə öz meydanında Dortmund “Borussiya”sına 1:2 hesabı ilə uduzub.

“Sabah”ın avrokuboklardakı son 15 oyunun heç biri heç-heçə başa çatmayıb. Bu görüşlərdə komanda 9 qələbə qazanıb, 6 dəfə məğlub olub.

Oyun nə vaxtdır?

"Vikinq" - "Sabah" matçı noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью