Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Budapeşt, 2 fevral, AZƏRTAC
Macarıstanın Baş naziri Viktor Orban sosial şəbəkədəki paylaşımında bu aydan etibarən qüvvəyə minən yeni qərarları açıqlayaraq, vətəndaşlar üçün nəzərdə tutulan dəstək tədbirlərini ön plana çıxarıb.
AZƏRTAC xəbər verir ki, o, hökumətin daha əvvəl verdiyi vədlərin artıq real maliyyə faydasına çevrilməkdə olduğunu və birbaşa ailələrin büdcəsində hiss ediləcəyini bildirib.
Yeni qərarlara əsasən, ölkədə fevraldan etibarən minimum əməkhaqqı 11 faiz artırılır. Pensiyaçılar isə 13-cü aylıq pensiyanı alacaq, eyni zamanda, onlara 14-cü pensiyanın ilk hissəsi ödəniləcək.
Sosial siyasətdə diqqətçəkən yeniliklərdən biri də iki uşağı olan və yaşı 40-dan az olan analar üçün tətbiq ediləcək: bu kateqoriyaya daxil olan qadınlar ilk dəfə olaraq gəlir vergisindən azad əməkhaqqı alacaqlar. Bununla yanaşı, ailələr üçün nəzərdə tutulan vergi güzəşti iki dəfə artırılacaq.
Viktor Orban diqqətə çatdırıb ki, bu addımlar hökumətin milli maliyyə resurslarını ölkə daxilində qoruması sayəsində mümkün olub.
Baş nazir vurğulayıb ki, mövcud iqtisadi kursun davamı üçün siyasi sabitlik əsas şərtdir və bu dəstəyi hazırda Fides partiyası təmin edir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt