Vilnüsdə “Qarabağ gündəliyi” kitabının təqdimatı olub

19.11.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Litvanın paytaxtı Vilnüsdə Zəfər Günü münasibətilə litvalı jurnalist Riçardas Lapaitisin müəllifi olduğu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə işıq üzü görən “Qarabağ gündəliyi” (“Karabakh Diary”) kitabının təqdimat mərasimi keçirilib.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin Azərbaycan dövlətinin gücünü, xalqımızın milli birliyini və sarsılmaz iradəsini nümayiş etdirdiyini bildirərək bu günün milli tariximizdəki müstəsna əhəmiyyətindən danışıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri şöbəsinin müdiri Leyla Həmzəyeva isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və qəhrəman Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərpa olunduğunu bildirib. O, kitabın müəllifi Riçardas Lapaitisin Qarabağ münaqişəsinin ilk illərində hadisələrin qaynar nöqtələrində şahidi olduğu faciələri, xüsusilə Xocalı və Ağdamda baş verənləri beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətindəki jurnalist fəaliyyətini diqqətə çatdırıb. “Qarabağ gündəliyi” kitabının xalqımızın yaşadığı ağrı-acıları, qəhrəmanlığını və tarixi həqiqətləri əks etdirən mühüm sənədli mənbə olduğunu bildirən şöbə müdiri nəşrin Komitənin maliyyə dəstəyi ilə hazırlandığını vurğulayıb.

Bu cür layihələrin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyəti xüsusi qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью