Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“TikTok”da Kəbə ətrafında təvaf görüntüsü yaradan animasiya personajlarından pul qazanmaq məqsədilə canlı yayımlar aparılır.
Avtosfer.az xəbər verir ki, istifadəçilər göndərdikləri jeton və hədiyyələr qarşılığında müxtəlif dini ritualların canlandırılmasını izləyir, adlarının ekranda göstərilməsinə nail olurlar. Hədiyyələrin sayına uyğun animasiyaların dəyişməsi, iştirakçıların xüsusi mesajlarla həvəsləndirilməsi və sıralamada önə çıxmağa təşviq edilməsi bu yayımların necə qurulduğunu göstərir. Həcc və Ümrə kimi müqəddəs ibadətlərin virtual görüntülərlə canlandırılaraq pul qazanmaq vasitəsinə çevrilməsi isə dini dəyərlərin bu formada istifadəsi ilə bağlı tənqidlərə səbəb olur. Bəs virtual platformalar vasitəsilə Həcc ibadətinin imitasiya edilməsi insanların dini inanclarından sui-istifadə hallarına yol aça bilərmi və vətəndaşlar bu cür təşəbbüslərdən necə qorunmalıdır? Digər tərəfdən sosial şəbəkəlrdə animasiya vasitəsi ilə bu cür imitasiyalar ziyarətlərə bərabər tutula bilərmi?
Mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, İslam dininin prinsipial ibadətləri var:
"İbadətlər islamda bir neçə yerə bölünür. Elə ibadətlər var ki, insan onu həm pulla, həm də bədənlə, həm də dua ilə yerinə yetirir. Həcc ibadəti həm zaman, həm də məkan baxımından digər ibadətlərdən tamamilə fərqlənir. Ona görə onun İslam dünyasında özəl və məxsusi bir yeri var. Zilhiccə ayının 7-dən Qurban bayramı da daxil olmaqla, Zilhiccə ayının 10-u, 11-i, 12-si, 13-nə qədər Məkkədə bu bayramla şahlanan bir ibadətdir. Həcc ibadəti Qurani-Kərimin ayəsində də vurğulandığı kimi, imkan və sağlamlıq ilə bağlı olan bir ibadətdir. Ona görə də bu gün rəqəmsal dünyanın imkanlarından istifadə edərək “TikTok”da canlı yayım açıb, Kəbənin şəklini göstərərək insanlara sanki təvaf etdirən və Zəmzəm suyu içizdirənlər var. İnsanlara evdə rahat şəraitdə Həcc etdiklərini iddia edərək bu kimi rituallarla onları aldatmağa çalışanlar dələduzluq etmiş olurlar. Çünki müasir dünyanın texniki imkanları yalnız Kəbənin təlimini, təvafın mahiyyətini, oradakı ibadətin həqiqətini bizə tərif edə bilər. Amma bir insanı Həcc vacibatından, yəni həcc fərzini yerinə yetirmək öhdəliyindən azad etməz. Ona görə insanları aldatmaq olmaz, çünki həssas insanlar, yaşlı adamlar, ömür boyu Kəbə həsrəti ilə yaşayıblar və onlar bunu bir fürsət kimi bilirlər. İnsanların duyğuları ilə oynayır, sui-istifadə edir və aldadaraq onların pullarına, sərvətlərinə əl qoyurlar. Bu kimi hiyləgər insanların toruna düşməmək üçün mətbuatda geniş təbliğatlar aparılmalıdır. Vətəndaşlarımız bizim üçün çox dəyərlidir. Bu məsələ daha çox inanan insanlar üzərindən aparılır. Vətəndaşlarımızı məlumatlandırmalıyıq ki, yanlış adamların toruna düşməsinlər, onların dəyirmanına su tökməsinlər, çörəyinə yağ sürtməsinlər, qurduğu oyunun bir parçasına çevrilməsinlər".
İlahiyyatçı qeyd edib ki, hətta Həcc ibadətində həm də bir ağ libas, yəni ehram geyinilir:
"Xüsusi qüsulu, miqat yeri var, həmin yerdə geyinilir. Təvaf üçün Kəbənin içərisində Qara daş yerindən salamla başlayır, “yeddi şaut” deyilir. Təvaf, Müzdəlifə, Mina bölgəsi, səy mərasimi və şeytanın daşlanması, saçın kəsilməsinə qədər bir çox rituallar var ki, bütün bunlar hamısı Kəbə ətrafında yerinə yetirilir. Yəni, süni, virtual Həcc prosesində bu ibadətlərin heç birisi yerinə yetirilmir, sadəcə ekranlaşdırılır".
Züleyxa Allahverdiyeva