Virtual valyutalarda yüksək risk: Saxtakarlıq və volatillik investorları həyəcanlandırır

03.11.2025

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Virtual valyuta bazarında ən ciddi maliyyə riski yüksək volatillikdir, yəni qiymətlərin tez-tez dəyişməsidir. Bəzən kriptovalyutaların dəyəri çox sürətlə artır, bəzən isə əksinə, çox sürətlə azalır. Nəticədə manipulyasiya riskləri yüksəlir və bu, bir sıra təhlükələr yaradır".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.
O, bildirib ki, digər tərəfdən, yeni layihələrin ticarət dəyəri aşağı olur ki, bu da alqı-satqı potensialını məhdudlaşdırır:
"Virtual valyuta bazarında ən ciddi risklərdən biri də saxtakarlıqdır. Bəzən saxta kodlar və yaradılmış valyutalar vasitəsilə manipulyasiya meyilləri ortaya çıxır. Bunlara “smart kontrakt layihələri” deyilir və bu layihələrlə adətən yeni başlayanlar və az təcrübəsi olanlar asanlıqla aldadıla bilirlər. Bundan əlavə, bəzi dövlətlər virtual valyutaları qadağan edir, vergiyə cəlb edir və ya ticarətini məhdudlaşdırırlar. Bu da bazarda hüquqi statusun qeyri-müəyyən olmasına və buna bağlı təsəvvürlərin yaranmasına gətirib çıxarır".
Ekspert bildirib ki, nəticədə kriptovalyutalar həssas və təsirlərə az dözümlü olur:
"Bəzən istifadəçilərin virtual cüzdanları xakerlər tərəfindən ələ keçirilə bilər və ya şəxsi açarlar (private key) itirilə bilər. Bu halda vəsaitlər bərpa olunmur. Yəni şəxsi açar itirilərsə, vəsaitlər də itmiş hesab olunur ki, bu da ciddi risk yaradır".
Onun sözlərinə görə, ən kritik məsələ isə yeni başlayanlar üçün bazarı və texnologiyaları tam anlamadan, təcrübəsiz şəkildə virtual valyutalarla ticarət etmək istəmələridir:
"Kiçik və orta investorlar bu zaman bir sıra risklərlə qarşılaşırlar. Bu sahədə fəaliyyət göstərərkən həm hüquqi, həm kibertəhlükəsizlik, həm də bazardakı valyutanın arxasında duran dövlət, korporasiya və ya digər potensial gücləri araşdırmaq vacibdir".
Ekspertin sözlərinə görə, bütün bu məqamları diqqətlə və həssaslıqla öyrəndikdən sonra risklərlə qarşılaşmaq ehtimalımız aşağı düşür:
"Lakin qeyd olunan risklər həmişə qalmaqdadır və kimlər bunlardan nə qədər qoruna bilirsə, onlar uğur qazanırlar. Təcrübə və bilikləri olanlar az zərər görür, lakin yeni başlayanlar saxta kriptovalyutalara aldanır, cüzdanlarını qorumaqda çətinlik çəkir və kibertəhlükəsizliklə bağlı məlumatları yoxdur. Bəzən istifadəçilər şəxsi açarlarını itirirlər və bununla ciddi ziyana düşürlər. Bütün bu riskləri nəzərə almaq vacibdir".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью