Vişal Romanov: “Formula 1“ə gələndə Azərbaycanda tras tikəcəyəm“ VİDEO

26.01.2026

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Vişal Romanov Azərbaycanın ən perspektivli gənc pilotlarından biridir. Karyerasına kartinqlə başlayan Vişal artıq "Formula-4" səviyyəsində çıxış edir, "Baku City Karting"də rekord qırıb və "Ferrari" Gənclər Akademiyasının seçmə turundan keçən yeganə azərbaycanlıdır.

Moderator.az bildirir ki, Oxu.az-a videomüsahibəsində Vişal avtoidmanda keçdiyi yoldan, yarışlara hazırlıq prosesindən, çətinliklərdən, məqsədlərindən və Azərbaycanı "Formula-1"də təmsil etmək arzusundan danışıb.

- Vişal, avtoidmana marağınız necə və nə vaxt yarandı?

- Avtoidmana marağım "Formula-1" baryerinin arxasında dayandığım zaman yarandı. Təxminən 11 yaşım var idi. Onda mən kartinqlə məşğul olmağa başladım. "Baku City Karting"ə getdim, qardaşım mənə bunun nə olduğunu göstərdi. O vaxtadək bu idman haqqında təsəvvürüm yox idi. Çünki avtoidmana aidiyyəti olan bir ailədə doğulmamışam. Mən də iştirak etmək istədim, amma "Formula-1"ə gedən yolun bu qədər çətin olacağını bilmirdim. Mənim bir arzum var idi və istəyirdim ki, o gerçək olsun. Bunun üçün mən hər gün məşq edirəm ki, "Formula-1"ə çatım.

- İlk dəfə sükan arxasında oturanda hansı hissləri keçirdiniz?

- İlk dəfə "MRF Formula 1600"də (yeni başlayan pilotlar üçün 1.6 litr həcmli mühərriki olan birnəfərlik bolid yarışları sinfi - red.) sükan arxasında oturanda özümü sanki "Real Racing 3" videooyununda hiss etdim. Təəssüf ki, "Real Racing 3" 2026-cı ildə artıq əlçatan olmayacaq (müsahibə 2025-ci ilin sonunda götürülüb - red.), bu mənim ilk videooyunum idi və mən eyni emosiyaları hiss etdim. Çox xoşuma gəldi və düşündüm ki, bundan başqa heç nə ilə məşğul olmaq istəmirəm.

- Sizin üçün ən yaddaqalan yarış hansı olub və niyə?

- RPPL-dəki ("Racing Promotions Private Limited", avtoyarışların keçirilməsi ilə məşğul olan hind təşkilatı - red.) yarış ən yaddaqalan olub. Çünki bu mənim kartinqdə ilk yarışım idi və elə ilk dəfədən qazandım. Buna görə o mənə çox xoş gəldi. Anlayırdım ki, məndə istedad var, amma bizim digər yarışçılarda olduğu kimi vəsaitlərimiz yox idi. Buna baxmayaraq, mən nəyə qadir olduğumu sübut etdim. Sürət və risk arasında tarazlığı qorumaq vacibdir. Düzünü desəm, mən riskə baxmıram, bu barədə düşünmək istəmirəm. Hesab edirəm ki, əgər hər gün məşq edirsənsə və trasda təcrübə qazanırsansa, risklərə baxmağın artıq mənası yoxdur, çünki hər bir döngə və hər bir pillə riskdir.

- Trasa çıxmazdan əvvəl mental və fiziki hazırlığınız necə keçir?

- İlk növbədə ən vacib olan fiziki hazırlıqdır. Yarışçı fiziki cəhətdən nə qədər hazırdırsa, mental cəhətdən də bir o qədər hazırdır. Yaddaş məşqi, reaksiya və vizualizasiya - düşünürəm ki, bu ən vacib şeydir. Fiziki aspektlərə gəlincə, boyun əzələlərini məşq etdirmək və hər gün idman zalına getmək lazımdır. Bu, fiziki və mental hazırlıq üçün faydalıdır.

- Yarış zamanı hansı texniki detala daha çox diqqət yetirirsiniz?

- Döngələr. Düşünürəm ki, bu ən vacib şeydir. Yarışçı döngəni nə qədər rahat keçsə, dövrəni də bir o qədər tez bitirəcək. İngilis dilində belə bir ifadə var: "Fast corners are for fast drivers, long straights are for fast cars" (sürətli döngələr sürətli sürücülər üçündür, uzun düz yollar isə sürətli avtomobillər üçün).

- Sizcə, Azərbaycanda gənclər üçün avtoidman sahəsində kifayət qədər imkanlar varmı?

- Düşünürəm ki, avtoidmanın inkişafı üçün həmişə şans var. Əgər gənclərdə idman ruhu varsa və özlərini göstərmək istəyirlərsə, komfort zonasından çıxıb sübut etmək lazımdır ki, sən bacarırsan.

Mən "Formula-1"də olacağım zaman həmvətənlərimə bu məsələdə kömək etməyə çalışacağam. Yarış trası tikə və yarışçıları dəstəkləyə bilərəm. Bizdə çox istedadlar var və onlar da irəliləyə bilərlər.

- Ən böyük çətinliyiniz nə olub?

- Ən böyük çətinliklər maliyyə ilə bağlıdır. Bu idmanda büdcə ən vacib şeydir. Ümid edirəm ki, BƏƏ-də "Formula-4"də iştirak üçün sponsor tapa biləcəyəm. Həmçinin ümid edirəm ki, 2026-cı ildə çempionatda iştirak edəcək və daha çox şeyə nail ola biləcəyimi sübut edəcəyəm.

- Maliyyədən başqa, daha hansı çətinliklər sizi gözləyə bilər?

- Düşünürəm ki, bundan başqa problem yoxdur. Mental və fiziki olaraq hər şeyə hazıram. Hər gün məşq edirəm. İmkanım olsa, hər gün trasda olardım.

Başqa bir ölkədə bayrağımızı qaldırmaq və sübut etmək istəyirəm ki, məndə istedad var və mən hər şeyə nail ola bilərəm.

- Elə anlar olurmu ki, motivasiyanız düşür? Bunun baş verməməsi üçün nə edirsiniz?

- Düşünürəm ki, belə bir şey ayda ən azı bir dəfə baş verir. Hesab edirəm ki, geriyə baxıb xatırlamaq lazımdır ki, kartinqdən "Formula-4"ə qədər hansı yolu keçmişəm, bunun üçün nə qədər məşq etmişəm. Bu qədər yol keçib, birdən hər şeyi atmaq variant deyil.

- "Ferrari" Akademiyasında kiminlə yarışmısınız və başqa akademiyalara, məsələn, "Williams", "Red Bull", "McLaren"ə müraciət etməyə çalışmısınızmı?

- Mən "Ferrari Driver Academy"də bir çox yarışçılarla yarışmışam, orada 2024-cü ilin bütün əsas yarışçıları var idi. Yaxşı və istedadlı uşaqlar idi. Düşünürəm ki, mənim "Ferrari" ilə yaxşı əlaqələrim var. Hazırda başqa akademiyalara baxmıram, amma əlbəttə ki, təkliflərə açığam.

- "Formula-1"ə gedən yol neçə il çəkəcək?

- "Formula-1"ə çatmaq üçün əvvəlcə kartinqi bitirmək, sonra "Formula-4"ə, "Formula-3"ə, "Formula-2"yə və "Formula-1"ə keçmək lazımdır.

Hazırda mən "Formula-4"də yarışıram və düşünürəm ki, düzgün dəstəklə "Formula-1"ə çatmaq cəmi üç-dörd il çəkəcək.

- Bu yolda sizi dəstəkləyən insanlar və ya komandanız varmı?

- Hazırda yalnız ailəm. Hələlik komanda yoxdur. Amma əlbəttə ki, mən təkliflərə açığam və istərdim ki, hamı məni dəstəkləsin. "Evans GP" (Coşua Evans tərəfindən qurulan Avstraliya avtoyarış komandası - red.) yaxşı komandadır. Ümid edirəm ki, 2026-cı ildə onlarla birlikdə BƏƏ-də "Formula-4"də iştirak edəcəyəm.

- Azərbaycan tamaşaçısının avtoidmana münasibətini necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, Azərbaycan tamaşaçılarında maraq var. Yarış idmanı ölkəmizdə istədiyimiz kimi sürətlə inkişaf etmir. Hesab edirəm ki, Azərbaycandan ən azı bir yarışçının olması artıq bu sahənin inkişafına kömək edir. Ümid edirəm ki, bizdə də tezliklə tras tikiləcək.

- Bu idman növü ilə məşğul olmaq istəyən gənclərə nə məsləhət görərdiniz?

- Məsləhət görərdim ki, fokuslarını itirməsinlər, irəli getsinlər və geriyə baxmasınlar. Ən əsası - özünə inanmaqdır. Əgər bir arzu varsa, o arzunun həyata keçməsi üçün hər şeyi etmək lazımdır. Beləliklə, 60 yaşın olanda düşünməyəsən: "Mənim şansım var idi, amma istifadə etmədim". Mən hamıya uğurlar arzulayıram və ümid edirəm ki, tezliklə trasda görüşəcəyik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью