Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın Kordova Universitetinin alimləri B12 vitaminindən istifadə etməklə yeni nəsil enerji saxlama qurğusu hazırlayıblar.
"Cebheinfo.az" xəbər verir ki, tədqiqatçılar B12 vitaminini təkrar doldurula bilən sink-hava batareyasında katalizator kimi istifadə ediblər. Yeni batareyanın prototipi 250-yə qədər enerji doldurma və boşalma dövrünə davam gətirib. Bu, vitaminin yalnız insan orqanizmi üçün deyil, enerji texnologiyaları baxımından da faydalı xüsusiyyətlərə malik olduğunu göstərir.
Araşdırma Kordova Universitetinin Enerji və Ətraf Mühit Kimyası İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb. Batareyada sink və havadakı oksigendən istifadə olunur. B12 vitamini isə kimyəvi reaksiyaların daha səmərəli getməsinə kömək edən katalizator rolunu oynayır.
Alimlərin diqqətini çəkən əsas məqam vitaminin tərkibindəki kobalt komponentinin elektrokimyəvi proseslərdə iştirak etməsidir. Tədqiqatçılar hesab edirlər ki, bu texnologiyanın gələcək inkişafı daha təhlükəsiz, yüngül və ekoloji baxımdan əlverişli enerji saxlama sistemlərinin yaradılmasına imkan verə bilər.
Xüsusilə günəş və külək enerjisindən əldə edilən elektrik enerjisinin saxlanılması üçün belə batareyaların perspektivli olduğu düşünülür. Bununla belə, texnologiya hələ laboratoriya və prototip mərhələsindədir. Onun geniş kommersiya istifadəsinə hazır olduğunu söyləmək tezdir.
Vilayət Muxtar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin