Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Avstraliya hökuməti immiqrasiya səviyyəsini azaltmaq məqsədilə viza qaydalarını sərtləşdirir.
“Qafqazinfo”nun xəbərinə görə, xarici işlər nazirinin müavini Mett Tisletveyt bildirib ki, Avstraliyada qalmaq hüququ olmayan və viza müddətini pozan şəxslər immiqrasiya saxlama mərkəzlərinə göndəriləcək və ölkədən deportasiya olunacaqlar.
Hazırda Avstraliyada viza müddətini aşan şəxslərin sayının 77 minə çatdığı bildirilir.
Avstraliyanın daxili İşlər naziri Toni Börk yeni tələbə və qonaq vizası qaydalarını açıqlayıb.
Yeni qaydalara əsasən, doktorantlar istisna olmaqla, Avstraliyada təhsil alan tələbələrin ailə üzvlərini ölkəyə gətirməsinə icazə verilməyəcək. Cənub-Şərqi Asiya və Sakit okean ölkələrinin vətəndaşları isə bu məhdudiyyətdən azad ediləcək.
Qaydalar çərçivəsində iş və tətil vizalarına müraciətlər üçün də lotereya sistemi tətbiq olunacaq.
Hazırda 18-30 yaş arası şəxslər qonaq vizası ilə üç ay işlədikdə Avstraliyada iki il, altı ay işlədikdə isə üç il qala bilirlər.
Yeni qaydalara əsasən, ölkədə ikinci il qalmaq istəyənlər 45 min, üçüncü il üçün isə 5 min nəfərlik kvota üzrə lotereyada iştirak etməli olacaqlar.
Toni Börk yeni tədbirlərin ölkədəki mənzil böhranının qarşısını almağa yönəldiyini bildirib.
“Avstraliyaya daimi gəlmək istəyirsinizsə, daimi viza üçün müraciət edin. Etibarlı vizanız yoxdursa, ölkəni tərk edin”, - deyə Börk bildirib.