“Volkswagen” 19 min işçini ixtisar edəcək

12.06.2026

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

Almaniyanın avtomobil istehsalçısı "Volkswagen"  ilin sonunadək Almaniyadakı işçi qüvvəsini 19 min nəfər azaltmağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Oliver Blume illik səhmdarlar yığıncağında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Almaniyada həyata keçirilən genişmiqyaslı xərclərin azaldılması və struktur islahatları plana uyğun davam edir. Şirkət bildirib ki, artıq Almaniyadakı zavodlarda istehsal xərclərini 20%-dən çox azaltmağa nail olub.

"Volkswagen" 2030-cu ilədək Almaniyada 28 mindən çox iş yerinin ixtisarını nəzərdə tutur. "Audi", "Porsche" və proqram təminatı bölməsi "CARIAD" daxil olmaqla, qrup üzrə ixtisarların ümumi sayının təxminən 50 min nəfərə çatacağı gözlənilir.

Bundan əlavə, şirkət 2030-cu ilə qədər illik xərclərini 6 milyard avro azaltmağı hədəfləyir. Oliver Blume bildirib ki, kollektiv müqavilələr və işçi qüvvəsinin optimallaşdırılması hesabına artıq təxminən 1 milyard avro davamlı qənaət əldə edilib.

Şirkət hesab edir ki, yaxın illərdə ildə 9 milyon avtomobil istehsalı daha real hədəfdir. Bu məqsədlə son iki ildə Avropa və Çində istehsal gücü illik 2 milyon avtomobil azaldılıb. Çində isə əlavə olaraq illik 500 min avtomobil həcmində istehsalın azaldılmasına başlanılıb.

Baş direktor qeyd edib ki, Avropa və Almaniyada atılacaq növbəti addımlar da oxşar miqyasda olacaq.

Bununla yanaşı, "Volkswagen" Çin bazarında mövqeyini gücləndirməyə çalışır. Şirkət gələn ilin sonuna qədər bu ölkədə təxminən 30 yeni model təqdim etməyi planlaşdırır. İlk özünüidarəetmə funksiyalarına malik avtomobillərin isə bu ilin sonunadək satışa çıxarılması nəzərdə tutulur.

Oliver Blume həmçinin bildirib ki, şirkət 2030-cu ilə qədər əməliyyat gəlirliliyini 8-10% səviyyəsinə çatdırmağı qarşısına məqsəd qoyub.

Xəbərin təsiri fonunda "Volkswagen" səhmləri cümə axşamı keçirilən ticarətdə 1,4% dəyər itirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью