“Voyager 1” iki həftəyə yaxındır Yerə məlumat ötürmür

26.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

NASA-nın “Voyager-1” kosmik aparatı noyabrın 14-dən etibarən Yerə heç bir elmi və telemetrik məlumat göndərmir.

Nasazlıq aparatın Yerdən bir işıq günü uzaqlığa çataraq tarixi rekorda imza atmasından bir neçə gün əvvəl yaranıb.

“Voyager-1” sabit radiosiqnal ötürməkdə davam edir. Bu, aparatın işlək vəziyyətdə olduğunu və antenasının Yerə istiqamətləndiyini göstərir. Lakin siqnalda zondun texniki vəziyyəti və elmi cihazlarının ölçmələri barədə heç bir məlumat yoxdur.

NASA mühəndisləri nasazlığın səbəbini hələ müəyyən edə bilməyiblər. Problemin araşdırılması bir neçə həftə, hətta daha uzun müddət çəkə bilər. Aparatın Yerdən böyük məsafədə yerləşməsi səbəbindən hər bir komandanın göndərilməsi və cavabın alınması təxminən iki gün çəkir.

Qeyd edək ki, 1977-ci ildə kosmosa buraxılan “Voyager-1” 2023-cü ildə də oxşar problemlə üzləşmişdi. Həmin vaxt nasazlığın bort kompüterlərindən birində yarandığı müəyyən edilmişdi.

Mühəndislər hazırkı problemin oktyabr ayında aparatla rabitənin 48 saatlıq kəsilməsi ilə əlaqəli olub-olmadığını da araşdırırlar.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью