“Voyager 1” kosmosda yeni rekorda hazırlaşır

03.11.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

NASA-nın “Voyager 1” kosmik aparatı Yer kürəsindən bir işıq günü məsafəsinə çatmağa hazırlaşır. 2026-cı il noyabrın 18-də bu həddin keçiləcəyi gözlənilir. Həmin vaxt aparat planetimizdən təxminən 25,9 milyard kilometr uzaqda olacaq. Bu, insan tərəfindən yaradılmış kosmik aparat üçün mühüm nailiyyət hesab edilir.

1977-ci il sentyabrın 5-də kosmosa göndərilən “Voyager 1” əvvəlcə Yupiter və Saturn planetlərini tədqiq etmək məqsədi daşıyıb. Missiya çərçivəsində aparat bu planetlərin və onların peyklərinin indiyədək elmi əhəmiyyətini qoruyan görüntülərini Yerə ötürüb. 2012-ci ildə isə Günəşin təsir dairəsinin sərhədi hesab edilən heliopauzanı keçərək ulduzlararası fəzaya daxil olub. Bununla da Günəş sistemindən kənara çıxan ilk insan istehsalı kosmik aparat kimi tarixə düşüb.

Bir işıq günü işığın vakuumda 24 saat ərzində qət etdiyi məsafəyə bərabərdir və təxminən 25,9 milyard kilometr təşkil edir. “Voyager 1” bu məsafəyə çatdıqda onunla Yer arasındakı radioəlaqənin gecikməsi daha aydın hiss olunacaq. Belə ki, Yerdən göndərilən siqnalın aparata çatması təxminən 24 saat, cavabın geri qayıtması isə eyni müddət tələb edəcək. Nəticədə mühəndislər göndərdikləri əmrin nəticəsini təxminən iki gün sonra əldə edə biləcəklər.

Təxminən yarım əsrə yaxındır fəaliyyət göstərən aparat hazırda enerji ehtiyatlarının tədricən azalmasına baxmayaraq, elmi məlumatlar ötürməkdə davam edir. NASA mütəxəssisləri enerji sərfiyyatını azaltmaq və missiyanın fəaliyyət müddətini uzatmaq üçün texniki tədbirlər görürlər. “Voyager 1”in topladığı məlumatlar alimlərə ulduzlararası fəzanın xüsusiyyətlərini və Günəşin bu mühitə təsirini öyrənmək imkanı verir.

Hazırladı:
S.Rzayeva
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью