Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son günlər sosial şəbəkələrə girişlə bağlı yaranan çətinliklər fonunda istifadəçilərin alternativ internet bağlantısı vasitələrinə, o cümlədən VPN xidmətlərinə marağı artıb.
Bu texnologiyadan istifadə internetə çıxış imkanları ilə yanaşı, şəxsi məlumatların qorunması və kibertəhlükəsizlik məsələlərini də gündəmə gətirir.
Bəs VPN xidmətlərindən istifadə zamanı hansı risklər yarana bilər? İstifadəçilər şəxsi məlumatlarının təhlükəsizliyini qorumaq üçün nələrə diqqət yetirməlidirlər?
“Xaliq Faiqoğlu” şirkətinin marketinq direktoru Aysel Hüseynova bu və digər sualları “Cebheinfo.az”-a müsahibəsində cavablandırıb:
– VPN-dən istifadə nə dərəcədə təhlükəsizdir?
- VPN (Virtual Private Network - Virtual Özəl Şəbəkə) internet bağlantısını şifrələyərək istifadəçinin cihazı ilə VPN serveri arasında qorunan əlaqə yaradan texnologiyadır. Lakin burada vacib bir məqam var: VPN-dən istifadə etmək avtomatik olaraq internetdə tam təhlükəsiz olmaq demək deyil.
VPN texnologiyası özü təhlükəli deyil. Əksinə, etibarlı VPN xidmətləri müəyyən hallarda istifadəçinin məxfiliyinin qorunmasına kömək edir. Əsas məsələ istifadə etdiyimiz VPN xidmətinin kimə məxsus olması, hansı məlumatları toplaması və həmin məlumatlarla necə davranmasıdır.
İstifadəçi VPN-ə qoşulduqda internet trafikini həmin xidmətin infrastrukturu üzərindən yönləndirir. Bu isə o deməkdir ki, istifadəçi müəyyən mənada öz internet bağlantısına nəzarəti VPN provayderinə etibar edir.
Mən rəqəmsal marketinq sahəsində çalışan mütəxəssis kimi məsələyə yalnız texniki təhlükəsizlik baxımından deyil, həm də rəqəmsal davranış və istifadəçi məlumatlarının qorunması aspektindən yanaşıram.
Sosial şəbəkəyə daxil olmaq üçün tanımadığımız bir şirkətə internet trafikimizi etibar etməyin nə dərəcədə doğru olduğunu düşünməliyik.
-VPN istifadəçilərin şəxsi məlumatlarını hansı hallarda təhlükəyə ata bilər?
-Burada əsas risk VPN texnologiyasının özündən deyil, etibarsız xidmət təminatçılarından qaynaqlanır. Bəzi VPN xidmətləri istifadəçinin IP ünvanı, bağlantı vaxtı, istifadə müddəti və digər texniki məlumatlarını toplaya bilər. Xidmətin texniki quruluşundan və istifadə edilən bağlantıların təhlükəsizlik səviyyəsindən asılı olaraq, provayder istifadəçinin daxil olduğu domenlər və trafiklə bağlı əlavə məlumatlar da əldə edə bilər.
Xüsusilə şəffaf məxfilik siyasəti olmayan xidmətlərdə bu məlumatların reklam məqsədilə istifadə edilməsi, üçüncü tərəflərlə paylaşılması və ya məlumat sızması nəticəsində ələ keçirilməsi riski mövcuddur. Lakin bir məqamı dəqiqləşdirmək vacibdir: VPN provayderi standart HTTPS ilə qorunan bağlantı zamanı istifadəçinin bütün mesajlarını, şifrələrini və şəxsi yazışmalarını avtomatik olaraq oxuya bilmir. Bununla belə, zərərli proqram təminatı, saxta giriş səhifələri və ya cihazda əlavə etibarsız sertifikatların quraşdırılması kimi hallar təhlükəni artıra bilər.
Digər mühüm risk isə saxta VPN tətbiqləridir. Bəzi proqramlar VPN adı altında təqdim edilsə də, əslində istifadəçinin cihazına zərərli proqram təminatı yerləşdirə və ya lazımsız icazələr tələb edə bilər. Ən böyük təhlükələrdən biri istifadəçinin hansı məlumatları paylaşdığının fərqində olmamasıdır.
-VPN vasitəsilə sosial şəbəkələrə daxil olan istifadəçilər hansı kibertəhlükəsizlik qaydalarına əməl etməlidirlər?
-İlk növbədə, istifadəçilərə təsadüfi VPN tətbiqlərini yükləməməyi tövsiyə edirəm.
Xüsusilə sosial şəbəkələrə girişdə məhdudiyyət yaranan zaman insanlar problemi mümkün qədər tez həll etməyə çalışırlar. Bu zaman internetdə qarşılarına çıxan ilk pulsuz VPN tətbiqini yükləmək daha asan seçim kimi görünür.
Amma rəqəmsal təhlükəsizlikdə sürətli həll hər zaman düzgün həll deyil. İstifadəçilər VPN seçərkən şirkətin kimliyini, məxfilik siyasətini, məlumatların saxlanma qaydalarını və müstəqil təhlükəsizlik yoxlamalarının olub-olmadığını araşdırmalıdırlar.
Tətbiqləri yalnız rəsmi mağazalardan yükləmək, cihazın əməliyyat sistemini yeniləmək, sosial şəbəkə hesablarında ikimərhələli autentifikasiyanı aktivləşdirmək və hər hesab üçün fərqli, güclü şifrə istifadə etmək vacibdir. Rəsmi tətbiq mağazasında mövcud olmaq da proqramın tam təhlükəsizliyinə zəmanət vermir.
Xüsusilə biznes hesablarını idarə edən şəxslər daha diqqətli olmalıdırlar. Çünki “Instagram” və “TikTok” artıq yalnız şəxsi ünsiyyət platformaları deyil, həm də bizneslərin satış, reklam və müştəri kommunikasiyası kanallarıdır. Bir biznes hesabına icazəsiz giriş nəticəsində təkcə sosial şəbəkə profili deyil, reklam hesabları, biznesə aid məlumatlar və müştərilərlə kommunikasiya da risk altına düşə bilər. Ona görə də biznes hesablarını idarə edən SMM mütəxəssisləri, targetoloqlar və sahibkarlar üçün kibertəhlükəsizlik peşəkar məsuliyyətin bir hissəsidir.
- Bəs pulsuz və ödənişli VPN xidmətləri arasında təhlükəsizlik baxımından hansı fərqlər var?
-İlk növbədə qeyd etmək istəyirəm ki, bütün pulsuz VPN-ləri təhlükəli, bütün ödənişli VPN-ləri isə təhlükəsiz hesab etmək doğru deyil.
Burada əsas fərq xidmətin biznes modeli, şəffaflığı və təhlükəsizlik standartları ilə bağlıdır.
Ödənişli VPN xidmətləri adətən gəlirlərini abunəliklərdən əldə edirlər. Etibarlı provayderlər təhlükəsizlik infrastrukturu, texniki dəstək, məxfilik siyasəti və müstəqil auditlərə investisiya edə bilirlər.
Pulsuz VPN xidmətlərinin isə fərqli biznes modelləri mövcuddur. Bəziləri ödənişli xidmətlərinin məhdud funksiyalı pulsuz versiyasını təqdim edir. Digərləri reklam gəlirlərinə əsaslanır. Bəzi etibarsız xidmətlər isə istifadəçi məlumatlarının kommersiya məqsədilə istifadəsi kimi riskli modellərdən yararlana bilər.
Burada vacib sual yaranır: Əgər xidmət pulsuzdursa, həmin şirkət fəaliyyətini hansı gəlir hesabına maliyyələşdirir?
Bu sualın cavabı mütləq istifadəçi məlumatlarının satılması deyil. Lakin şirkətin gəlir modeli və məlumatlardan istifadə qaydası aydın deyilsə, bu, ehtiyatlı davranmaq üçün əsasdır. Mənim tövsiyəm VPN seçimini yalnız qiymət və bağlantı sürətinə görə etməməkdir. Məxfilik siyasəti, şirkətin reputasiyası, texniki təhlükəsizlik standartları və şəffaflığı daha vacib meyarlardır.
– Sonda istifadəçilərə nə tövsiyə edərdiniz?
- Bir məqamı xüsusi vurğulamaq istərdim. Bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnsanlar Instagram və TikTok-dan yalnız əyləncə üçün deyil, biznes, satış, reklam, informasiya və kommunikasiya məqsədilə istifadə edirlər. Buna görə də həmin platformalara girişdə yaranan məhdudiyyətlərin istifadəçiləri alternativ texniki həllər axtarmağa sövq etməsi başadüşüləndir.
Lakin sosial şəbəkəyə daxil olmaq ehtiyacı şəxsi məlumatlarımızın təhlükəsizliyindən daha üstün tutulmamalıdır. VPN özü problem deyil. Problem istifadə etdiyimiz texnologiyanın kimə məxsus olduğunu, hansı məlumatları topladığını və həmin məlumatlarla nə etdiyini bilmədən ona etibar etməyimizdir.
Rəqəmsal dünyada təhlükəsizlik yalnız texniki vasitələrlə deyil, həm də istifadəçinin məlumatlı qərarları ilə təmin olunur. Bir neçə saat sosial şəbəkəyə daxil ola bilməmək narahatlıq yarada bilər. Amma şəxsi və ya biznes məlumatlarının təhlükəyə düşməsi daha ciddi və uzunmüddətli nəticələrə səbəb ola bilər.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin