Vüqar Əsgərli: “İmişli”nin layihəsi mənim üçün maraqlı çağırış idi

23.06.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 23 iyun, AZƏRTAC

Klub rəhbərliyi ilə aparılan görüşlər zamanı U-19 komandasının formalaşdırılması və inkişafı ilə bağlı baxışlarımız üst-üstə düşdü. Qarşılıqlı razılıq əsasında bu layihəyə qoşulmağa qərar verdim.

Bu sözləri AZƏRTAC-a açıqlamasında "İmişli"nin U-19 komandasının baş məşqçisi vəzifəsinə təyin olunan Vüqar Əsgərli deyib.

O, "Qarabağ"da çox dəyərli təcrübə qazandığını xatırladıb: "Lakin sıfırdan komanda qurmaq, gənc futbolçuların inkişafında daha böyük rol oynamaq və yeni bir layihənin parçası olmaq mənim üçün maraqlı çağırış idi. Bu səbəbdən "İmişli"nin təklifini qəbul etdim”.

V.Əsgərli hazırda U-19 komandasının formalaşdırılması istiqamətində işlərin davam etdiyini vurğulayıb: “Seleksiya prosesi gedir və heyət yeni qurulur. Məşqlərimizi Bakıda keçirəcəyik. Yaxın zamanda komandanın heyətini tam formalaşdıraraq hazırlıq prosesinə başlayacağıq”.

Baş məşqçi qarşıdakı dövr üçün əsas hədəflərini də açıqlayıb: “Məqsədimiz rəqabətqabiliyyətli U-19 komandası yaratmaq, futbolçuların həm fərdi, həm də taktiki inkişafını təmin etməkdir. Eyni zamanda, onları gələcəkdə əsas komandaya hazırlamaq istəyirik. Uzunmüddətli və davamlı inkişaf modelinin qurulması əsas prioritetlərimizdən olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью