Vüqar Məmmədovun şikayəti təmin edilmədi

13.08.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində “Hürriyyət” qəzetinin və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, APA-nın məlumatına görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkən qismində tanınan şəxslərin nümayəndələri ifadə veriblər.

“Azərlotereya”nın bölmə müdiri E.F. bildirib ki, 2022-ci ildən etibarən qurumla bağlı “Hürriyyət TV”də həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb. Onun sözlərinə görə, həmin məlumatlar digər saytlarda da dərc olunub və şirkətin işgüzar nüfuzuna zərər vurub.

E.F. qeyd edib ki, bunun qarşısının alınması üçün “Hürriyyət TV” ilə müqavilə bağlamaq məcburiyyətində qalıblar.

“Azərsun” Holdinqin hüquqşünası N.N. isə bildirib ki, 2025-ci ilin yanvarında holdinqin rəhbərinin vəfatından sonra şirkətlə bağlı “Hürriyyət”də rüsvayedici yazıların sayı artıb.

Onun sözlərinə görə, şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsi “Hürriyyət”lə əlaqə saxladıqdan sonra onlara bir il ərzində hər ay 600 manat reklam haqqı ödəmək təklif olunub. Danışıqlar nəticəsində məbləğ 400 manat olaraq müəyyənləşdirilib və bundan sonra şirkətlə bağlı mənfi yazıların dayandırıldığı bildirilib.

Daha sonra müdafiə tərəfinin vəkili Vüqar Məmmədovun səhhətinin nəzərə alınaraq ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib.

Növbəti məhkəmə iclası oktyabrın 14-də saat 10:00-a təyin olunub.

Qeyd edək ki, Vüqar Məmmədov ötən il oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Hürriyyət” qəzeti və “Hürriyyət TV”də keçirdiyi əməliyyat zamanı saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Vüqar Məmmədova Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью