Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatının nəticəsində oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad edildi.
Prezident İlham Əliyev bu münasibətlə 20 oktyabr 2020-ci il tarixində xalqa müraciətində “Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir.
Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram.
Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir” söyləyərək növbəti müjdəni çatdırdı.
Həmin gün Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının bir sıra kəndləri ilə yanaşı, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Muğanlı kəndləri, həmçinin Zəngilan şəhəri işğaldan azad edildi.
44 gündə uğurla davam edən Zəfər yürüşü 30 illik torpaq həsrətinə son qoydu.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edildi.