“Vurulan qollar çox sualların cavabıdır” Sadıqov

13.05.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Kubokunun finalında keçirilən “Sabah” – “Zirə” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Oyun bizim üçün yaxşı başladı, qol vurduq. Hardasa, 30-35 dəqiqə etibarlı müdafiə olunduq. İlk hissənin sonunda rəqibə iki fürsət verdik. Birində top dirəyə dəydi, birində Silva yaxşı çıxış etdi. Bizim də əks-hücumlarımız oldu, ikinci qolu vura bilərdik. Fasilədən sonra müəyyən dəyişiklik etdik və daha etibarlı oynamağa başladıq. Rəqib fantastik qol vurdu, sonra fəallaşdıq. İkinci qolu da əks-hücumdan buraxdıq. Futbolçularıma inamlı oyunlarına görə təşəkkür edirəm. Güclü rəqibə qarşı oynadıq. Düşünürəm ki, vurulan qollar çox sualların cavabıdır. Bu, rəqibin gücündən xəbər verir.

– Qismət Alıyevin erkən sarı vərəqə alması oyuna nə dərəcə təsir etdi?
– Həmin epizodu görməmişəm, şərh etmək istəmirəm. Hakimlikdən danışmaq niyyətində deyiləm. Rəqibi təbrik edirəm, “qızıl dubl” etmək üçün yaxşı şansları var idi və yararlandılar.

– Nəticə futbolçulara psixoloji necə təsir edəcək? Dördüncü yer uğrunda mübarizəniz davam edir…
– Sona qədər mübarizə aparacağıq. Başa düşürük ki, “Neftçi” bizdən öndədir. Biz qələbələr qazansaq da, onlar da xal itirməlidir.

– Üçüncü finalı uduzdunuz. Daha güclü komanda ilə fərqli nəticə qazana bilərdiniz?
– Proqnoz vermək olmaz. Üç finalda da bəzi şeylər daha yaxşı alınsaydı, kubok qazana bilərdik. Matçlar arasında oxşarlıq var. Hər nəticə bizim üçün təcrübədir. 12 yarışdan 6-da mükafatçı olmuşuq. Düşünürəm ki, altı ildə yaxşı şeylərə nail olduq. Futbolçularla, rəhbərliklə, azarkeşlərlə qürur duyuram. Titul qazanmaq üçün daha çox şeyə ehtiyac var.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью