Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açılıb

03.02.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Vyana, 3 fevral, AZƏRTAC

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Xalq rəssamı Əşrəf Heybətovun “Azərbaycan – rənglərin yaddaşındakı ölkə“ adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, görkəmli rəssamın 75 illik yubileyinə həsr olunmuş sərgidə Azərbaycan təbiəti, onun tarixi məkanları, sadə insanları, adət-ənənələri ön planda dayanır.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara sərgi barədə məlumat verib və bildirib ki, təqdim olunan əsərlərdə rəssam milli-mədəni ənənələri müasir bədii ifadə vasitələri ilə ustalıqla birləşdirir. Əşrəf Heybətovun yaradıcılığında rəng, yaddaş və milli kimlik əsas bədii məfhumlar kimi çıxış edir. Onun tabloları Azərbaycanı yalnız coğrafi məkan kimi deyil, mənəvi yaddaş, mənsubiyyət və davamlı bağlılıq məkanı kimi təqdim edir. Landşaftlar, insan obrazları və ovqatlar birbaşa təsvir deyil, daha çox emosional və fəlsəfi yozum şəklində təqdim olunur.

Xalq rəssamı Əşrəf Heybətov çıxışında bildirib ki, Azərbaycan mövzuları onun yaradıcılığının əsas qayəsini təşkil edir. Son illərdə isə o, bu mövzunu daha da genişləndirərək, ümumtürk dünyasına həsr olunmuş tablolar yaradır. Vyanada ikinci dəfə əsərlərini sərgiləyən rəssam yubiley münasibətilə təşkil edilmiş sərgi üçün minnətdarlığını bildirib.

Qeyd edilməlidir ki, Əşrəf Heybətov incəsənət sahəsindəki xidmətlərinə görə bir sıra milli və beynəlxalq mükafatlarla təltif edilib. O, Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adına, UNESCO Rəssamlar Federasiyasının üzvlüyünə, eləcə də “Sülh səfiri” beynəlxalq diplomuna layiq görülüb. Rəssam Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü olmaqla yanaşı, Azərbaycan–Almaniya Dostluq Cəmiyyəti və Alman Rəssamlar Birliyi də daxil olmaqla bir sıra beynəlxalq təşkilatların üzvüdür.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью