Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezident İlham Əliyevin Vyetnam səfəri Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı, siyasi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi baxımından diqqət çəkir. Son dövrlərdə Azərbaycanın xarici siyasətində Cənub-Şərqi Asiya ölkələri ilə əməkdaşlıq aktuallaşıb. Bu, münasibətlərin yeni istiqamətlər üzrə inkişaf perspektivlərini də gündəmə gətirir.
Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a bildirib ki, Azərbaycan üçün Cənub-Şərqi Asiya ölkələri indiki tarixi mərhələdə xarici siyasətin yeni istiqamətləri kimi müəyyənləşməkdədir:
"Münasibətlərin inkişafını zəruri edən şərtlər məhz hazırkı mərhələdə formalaşmağa başlayıb.
Vyetnam-Azərbaycan münasibətlərinin dərin tarixi var. Hər birimiz xatırlayırıq ki, sovet dövründə Azərbaycanın müxtəlif peşə məktəblərində və ali təhsil müəssisələrində çoxsaylı vyetnamlılar təhsil alırdılar. Həmin dövrdən etibarən Azərbaycanla Vyetnam arasında mədəni və humanitar əlaqələr mövcud olub.
Son dövrlərdə isə Azərbaycanın humanitar diplomatiya missiyası Vyetnamı da əhatə etməyə başlayıb. Vyetnamla müəyyən humanitar və mədəni əlaqələr qurulub, birgə layihələr həyata keçirilib. Beləliklə, yeni qeyri-iqtisadi münasibətlər kontekstində Azərbaycan-Vyetnam əlaqələrinin yeni mərhələsi başlayır.
Vyetnam Şərqi Asiyanın böyük perspektivə malik ölkələrindən biridir. O, yeni sənaye inqilabının öncülləri sırasındadır. Hətta qlobal bazarda Çinlə rəqabət aparacaq səviyyədə texnoloji imkanlara malikdir.
Vyetnam digər Asiya ölkələri kimi Avropa istiqamətində iqtisadi maraqlarını genişləndirərkən, təbii olaraq, Azərbaycan coğrafiyası ilə qarşılaşır".
Parlamentari vurğulayıb ki, Azərbaycanın yaratdığı yeni imkanlar və kommunikasiya dəhlizləri Vyetnam üçün də cəlbedicidir:
"Azərbaycan neft, karbohidrogen məhsulları, qaz, eləcə də bu xammallardan istehsal olunan müxtəlif kimya məhsulları baxımından Vyetnam üçün əməkdaşlıq imkanları yaradır.
Bu baxımdan, Vyetnamın baş nazirinin Azərbaycana, Azərbaycan Prezidentinin isə Vyetnama səfəri gələcək əməkdaşlıq potensialının real imkanlara çevrilməsinə xidmət edir.
Proses həm də Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində yenidən formalaşmaqda olan statusu ilə əlaqədardır. Çünki biz Vyetnamla müxtəlif beynəlxalq platformalarda da əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik".