Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin genişləndirilməsi hazırkı beynəlxalq münasibətlər sistemində xüsusi əhəmiyyət kəsb edir. Çünki bu gün dünyada iqtisadi və siyasi güc mərkəzlərinin yenidən formalaşması prosesi gedir. Xüsusilə Asiya ölkələrinin qlobal iqtisadiyyatda, beynəlxalq ticarətdə, texnologiya və sənaye istehsalında artan rolu bu regionla münasibətlərin inkişafını Azərbaycan üçün daha aktual edir. Əslində, Azərbaycanın Asiya ölkələri ilə əməkdaşlığını genişləndirmək ehtiyacı bir neçə amillə bağlıdır. İlk növbədə, xarici iqtisadi əlaqələrin şaxələndirilməsi, yeni bazarlara çıxış, investisiyaların cəlb edilməsi və qeyri-neft sektorunun inkişafı baxımından bu istiqamət mühüm imkanlar yaradır. Eyni zamanda, Azərbaycanın xarici siyasətində tərəfdaşlıq coğrafiyasının genişləndirilməsi ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə də xidmət edir. Bu baxımdan Vyetnamla münasibətlər xüsusi maraq doğurur.
Bunu AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib.
O bildirib ki, Vyetnam son illərdə sənaye istehsalı, elektronika, texnologiyalar və ixracyönümlü iqtisadiyyatın inkişafı sahəsində ciddi nailiyyətlər əldə edib. Azərbaycan isə enerji resursları, nəqliyyat-logistika infrastrukturu, regional tranzit imkanları və əlverişli investisiya mühiti ilə seçilir. Burada əsas məsələ münasibətləri yalnız diplomatik təmaslar və qarşılıqlı ticarət dövriyyəsi ilə məhdudlaşdırmamaqdır. Vyetnam şirkətlərinin ölkəmizin sənaye parklarına cəlb olunması, burada istehsal müəssisələrinin yaradılması və Azərbaycan üzərindən digər regional bazarlara çıxış imkanlarının genişləndirilməsi hər iki ölkə üçün faydalı ola bilər. İki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də enerji əməkdaşlığıdır. Burda Azərbaycanın enerji sektorunda formalaşmış tarixi təcrübəsi xüsusi əhəmiyyət daşıyır. Münasibətləri yalnız ənənəvi enerji sahəsi ilə məhdudlaşdırmaq düzgün olmazdı. Bərpaolunan enerji, enerji infrastrukturu və yeni texnologiyalar da gələcək əməkdaşlığın tərkib hissəsi ola bilər. Onun fikrincə, Azərbaycan-Vyetnam münasibətlərində ən perspektivli istiqamətlərdən biri də nəqliyyat və logistika sahəsidir. Vyetnamın ixracyönümlü iqtisadiyyatı üçün beynəlxalq bazarlara etibarlı və alternativ nəqliyyat marşrutlarının mövcudluğu mühüm əhəmiyyət daşıyır. Vyetnamın elektronika, elektrik avadanlıqları və sənaye istehsalı sahəsində təcrübəsi də Azərbaycan üçün maraqlı ola bilər.
Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunan Mətbuat Şurası İdarə Heyətinin üzvü deyib: “İki ölkənin fərqli iqlim və istehsal imkanları qarşılıqlı ticarət üçün əlverişli şərait yaradır. Vyetnamın kənd təsərrüfatı və ərzaq məhsulları, Azərbaycanın isə meyvəçilik, tərəvəzçilik və digər aqrar istehsal imkanları bu sahədə əməkdaşlığın genişləndirilməsinə əsas verə bilər. Bununla yanaşı, təhsil, elmi tədqiqat və insan kapitalının inkişafı da münasibətlərin mühüm istiqamətlərindən biridir. Universitetlər arasında əməkdaşlıq, tələbə mübadiləsi, energetika, mühəndislik və informasiya texnologiyaları üzrə birgə proqramlar uzunmüddətli tərəfdaşlığın formalaşmasına töhfə verə bilər”.
Yeganə Hacıyeva, həmçinin qeyd edib ki, Azərbaycanın Asiya siyasətində əsas prioritet mövcud münasibətləri real iqtisadi və siyasi nəticələrə çevirməkdir. Vyetnam nümunəsi göstərir ki, qarşılıqlı maraqlar düzgün müəyyənləşdirildikdə enerji, sənaye, nəqliyyat, texnologiya və ticarət sahələrində uzunmüddətli əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar mövcuddur. Azərbaycanın geostrateji mövqeyi bizə Avropa ilə Asiya arasında körpü olmaq imkanı verir və ölkəmiz bu üstünlüyü daha geniş mənada qiymətləndirməyi hədəfləyib. Azərbaycan yalnız coğrafi əlaqələndirici deyil, həm də iqtisadi, sənaye, texnoloji və investisiya əməkdaşlığının inkişafına töhfə verən regional tərəfdaş kimi çıxış etməlidir.