Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bakıda keçirilən İkinci Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının “ROX Group” Səhmdar Cəmiyyəti arasında Azərbaycanda günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi imkanlarının qiymətləndirilməsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi Energetika Nazirliyi adından nazir müavini Elnur Soltanov, “ROX Group” Səhmdar Cəmiyyəti adından isə enerji şirkətləri üzrə İcraçı Direktorlar Şurasının sədri Pham Minh Tuan imzalayıb.
Memorandum elektrik enerjisinin ixracı məqsədilə Azərbaycanda 600 meqavat gücündə quruda külək və Naxçıvan Muxtar Respublikasında 200 meqavat gücündə günəş enerjisi layihələrinin həyata keçirilməsi imkanlarının araşdırılmasını nəzərdə tutur. Sənədə əsasən, layihələrin texniki-iqtisadi əsaslandırılması, mövcud şəbəkə imkanlarının qiymətləndirilməsi və istehsal olunacaq elektrik enerjisinin müəyyən hissəsinin ölkənin elektrik şəbəkəsinə inteqrasiyası imkanlarının araşdırılması istiqamətində əməkdaşlıq ediləcək.
Qeyd edək ki, “ROX Group” Səhmdar Cəmiyyəti (əvvəlki adı ilə TNG Holdings Vietnam), Vyetnamın ən böyük və qabaqcıl çoxsahəli özəl investisiya holdinqlərindən biridir. Şirkət 1996-cı ildə təsis edilib və 2024-cü ilin yanvarında həyata keçirilən irimiqyaslı rebrendinq (bir şirkətin, məhsulun və ya xidmətin adını, loqosunu, vizual üslubunu, şüarını və ya ümumi imicini dəyişdirərək bazardakı mövqeyini yenidən formalaşdırmaq prosesi) nəticəsində hazırkı “ROX Group” adını alıb.
Holdinq hazırda Vyetnamın 52 əyalətində, eləcə də beynəlxalq bazarlarda müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr icra edir. Qurumun daşınmaz əmlak və tikinti sahəsində fəaliyyəti sənaye zonalarının, müasir şəhər komplekslərinin, yaşayış binalarının və ticarət mərkəzlərinin inşası və idarə edilməsi ilə bağlıdır. Şirkət törəmə müəssisəsi olan TNPower vasitəsilə bərpaolunan enerji sahəsində də fəallığı ilə diqqət çəkir. Təkcə onu qeyd etmək kifayətdir ki, holdinq hazırda Vyetnamda ümumi gücü 500 meqavatdan çox olan günəş elektrik stansiyalarını idarə edir.
Bununla yanaşı, “ROX Group” Səhmdar Cəmiyyəti xidmət və aktivlərin idarə edilməsi, eləcə də maliyyə və bankçılıq sahələrində də uğurla fəaliyyət göstərir. Qurumun bu sadəki fəaliyyəti isə otelçilik sektoru, rəqəmsal transformasiya, İT, təhlükəsizlik və insan resursları üzrə konsaltinq xidmətləri, həmçinin ölkə daxilində müxtəlif maliyyə layihələrinin investisiyalaşdırılmasını əhatə edir. Şirkət müasir texnologiyaların tətbiqi və işçi mühitinə görə Vyetnamda dəfələrlə “Ən yaxşı iş yeri” və “Məşhur Vyetnam Brendi” statuslarına layiq görülüb.
Yeri gəlmişkən, “ROX Group” Səhmdar Cəmiyyəti Asiya və Avropa regionunda qlobal layihələrə investisiya yatırır. Şirkət regionumuzla, o cümlədən Azərbaycanla da yaxından maraqlanır.
Xatırladaq ki, ötən ilin iyulunda Hanoyda keçirilmiş Vyetnam–Azərbaycan iqtisadi-ticarət və elmi əməkdaşlıq üzrə Hökumətlərarsı Komissiyanın 3-cü iclası ərəfəsində Azərbaycan–Vyetnam birinci biznes şurası və biznes forumu təşkil edilmişdi. Həmin toplantı çərçivəsində Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “ROX Group” Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq sənədi imzalanmışdı. Yaşıl enerji sektorunda birgə fəaliyyətə dair həmin sənəd batareya və saxlanc sistemləri, şəbəkədənkənar və şəbəkəyə qoşulan günəş enerjisi sistemləri, quruda və dənizdə külək enerjisi, hidrogen və ammonyak sahələrində əməkdaşlığı nəzərdə tuturdu.
Energetika Nazirliyi ilə ölkəmizdə günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi imkanlarının qiymətləndirilməsi üzrə əməkdaşlığa dair yeni Anlaşma Memorandumu isə əməkdaşlıq sahəsində atılan növbəti addım kimi dəyərləndirilə bilər.
M.YAQUBZADƏ
XQ