“WhatsApp” şəxsi məlumatları icazəsiz paylaşır?

31.01.2026

Icma.az, Reyting.az saytına istinadən bildirir.

ABŞ hökuməti iş adamı Mark Zukerberqin sahibi olduğu “Meta” şirkətinin əməkdaşlarının birbaşa “WhatsApp” istifadəçilərinin şəxsi yazışmalarına çıxışının olub-olmaması ilə bağlı iddiaları araşdırmaqda davam edir.

Reyting.az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, istintaq çərçivəsində 2025-ci ildə ABŞ Ticarət Nazirliyinin xüsusi agentləri tərəfindən dindirilmiş iki keçmiş əməkdaşın - vaxtilə “WhatsApp” moderatoru kimi çalışan şəxslərin ifadələri yenidən yoxlanılır. Lakin indiyədək bu iş üzrə konkret şübhəlilərin kimliyi açıqlanmayıb.

“Meta” şirkəti iddiaları qərəzli adlandıraraq bütün ittihamları rədd edib. Şirkət bildirib ki, sistem təhlükəsizlik baxımından “başdan-sona” şifrələnib və buna görə də yazışmalara çıxış mümkün deyil.

Digər tərəf isə “Meta”nın bəzi əməkdaşlarının “WhatsApp” mesajlarının məzmununu görə bildiyini iddia edir. Araşdırmaların 2026-cı ilin yanvar ayınadək davam edəcəyi bildirilsə də, bu vaxta qədər “Meta” işi üzrə konkret şübhəlilərin olub-olmaması barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, oxşar iddialar 2024-cü ildə də səsləndirilmişdi. Dövlət tərəfindən anonimliyi qorunan bir mənbənin məlumatına görə, ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına təqdim olunmuş çoxsaylı şikayətlərdə “bu şirkətlə bağlı heyrət doğuran iddialar” yer alıb.

Bundan başqa, ötən həftə müxtəlif ölkələrdən olan iddiaçılar “Meta” şirkətinə qarşı kollektiv iddia qaldıraraq şirkəti məxfiliklə bağlı yanlış məlumat verməkdə ittiham ediblər.

“Bloomberg” xatırladır ki, “Meta” bundan əvvəl də məxfilik və təhlükəsizlik qaydalarının pozulmasına görə dəfələrlə tənqid edilib. Məhz bu səbəbdən 2019-cu ildə ABŞ Federal Ticarət Komissiyası (FTC) “Facebook”un təsisçisi milyarder Mark Zukerberqə ciddi xəbərdarlıq etmiş və “Meta” şirkətini 5 milyard dollar cərimələmişdi.

Ekspertlərin fikrincə, əgər iddiaların bir qismi təsdiqlənərsə, bu halda “Meta”nın digər ölkələrə qanunsuz məlumat ötürməsi və informasiya paylaşımı ilə bağlı məsələlər də gündəmə gələ bilər.

Oqtay QORÇU


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью