Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"WhatsApp" istifadəçiləri artıq mesajlara bir deyil, eyni anda 20-yə qədər fərqli stikerlə reaksiya verə biləcəklər.
“Yeni Sabah” xəbər verir ki, yeni xüsusiyyət sayəsində istifadəçilər eyni mesaja bir neçə fərqli stiker əlavə edə biləcəklər.
Beləliklə, reaksiya bildirmək üçün əvvəlki stikeri silməyə ehtiyac qalmayacaq. Bir mesaja ən çox 20 fərqli stiker əlavə etmək mümkün olacaq. Bu həddə çatdıqda tətbiq yeni stiker əlavə edilməsinə icazə verməyəcək. İstifadəçilər isə istədikləri vaxt öz əlavə etdikləri stikerləri silə biləcəklər. İnternet mağaza
Bundan başqa, hər bir stikerin kim tərəfindən əlavə edildiyini də görmək mümkün olacaq. Bunun üçün reaksiya məlumatlarına baxmaq kifayət edəcək.
Yeni xüsusiyyətin maraqlı tərəflərindən biri də stikerlərin söhbətdə necə görünməsidir. İlk mərhələdə əlavə edilən stikerlər mesajın altında bir sıra şəklində düzüləcək. Onların sayı artdıqca stikerlər mesajın yanlarına və yuxarı hissəsinə də yayılacaq. Nəticədə mesajın ətrafı tamamilə stikerlərlə örtülə biləcək.
Hazırda funksiya "WhatsApp"ın Android üçün 2.26.46.5 sınaq versiyasından istifadə edən şəxslərin bir hissəsinə təqdim olunub. Lakin həmin versiyanı quraşdıranların hamısı yenilikdən yararlana bilmir. Funksiyanın yaxın həftələrdə daha çox istifadəçiyə açılması gözlənilir. Bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi isə hələ açıqlanmayıb.