“Wood Mackenzie” şirkətinin ölkəmizə marağı artır

23.07.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf “Wood Mackenzie” şirkətinin sədri və baş analitiki Saymon Flauers ilə görüşüb. Söhbət zamanı ölkəmizin qlobal enerji bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndiyi məmnunluqla qeyd olunub.

Görüşdə qonaqlara SOCAR-ın strateji hədəfləri, beynəlxalq enerji şirkətinə transformasiyası istiqamətində görülən işlər, enerji sektorunun müxtəlif istiqamətləri üzrə fəaliyyəti, Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib. Söhbət zamanı SOCAR ilə “Wood Mackenzie” arasında formalaşmış uğurlu əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər qlobal enerji bazarlarındakı meyilləri nəzərdən keçirib, neft-qaz emalı, bərpa olunan enerji, dekarbonizasiya, eləcə də rəqəmsallaşma və analitik həllərin enerji sektorunda tətbiqi və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, qlobal miqyasda tədqiqat və konsaltinq xidmətləri göstərən “Wood Mackenzie” şirkətinin mərkəzi qərargahı Böyük Britaniyada (Şotlandiyanın Edinburq şəhərində) yerləşir. Şirkətin fəaliyyət sahəsinə energetika, neft-qaz, bərpa olunan enerji, kimya, mədənçıxarma və metallurgiya sektorlarında analitik məlumat və məsləhət xidmətləri daxildir. 2023-cü ildən etibarən şirkət ABŞ-ın “Veritas Capital” investisiya firmasının mülkiyyətindədir.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью