WUF13 ün Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir

04.02.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə, 4 fevral, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Universitetində (GDU) Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü (WUF13) Sessiyasına həsr olunan tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə ölkəmizin şəhərsalma mədəniyyətini, aparılan abadlıq və quruculuq işlərini əks etdirən videoçarx nümayiş olunub.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək bildirib ki, 2021-ci ildə Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və dövlətin sosial-iqtisadi siyasətində şəhərsalma fəaliyyəti dayanıqlı inkişafın əsas strateji hədəflərindən biri kimi müəyyən olunub. Hazırda şəhərsalma və urbanizasiya sahəsində müasir standartlar tətbiq edilməklə həyata keçirilən layihələr Azərbaycanın hərtərəfli inkişafında mühüm rol oynayır. Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dağıdılmış yüzlərlə kənd, qəsəbə və şəhərin yenidən qurulması istiqamətində uğurlu işlər həyata keçirilir.

Daha sonra Coğrafiya kafedrasının baş müəllimləri Seymur Xəlilov “Azərbaycan dayanıqlı inkişaf, “ağıllı şəhər” modelini həyata keçirən ölkə kimi”, Nəsibə Hacıyeva “İşğaldan azad olunmuş torpaqlarda şəhərsalma sahəsində əldə edilən nailiyyətlər” və Xudu Məmmədov “Urbanizasiyanın geoekoloji aspektləri” mövzularında çıxış ediblər.

Ümumi tarix kafedrasının müdiri Etibar Musayev, Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyeva, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev çıxışlarında Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü Sessiyasının önəmindən danışıblar. Qeyd olunub ki, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən WUF13-ün Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir. Bu mötəbər tədbirin təşkili ölkənin inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə əhəmiyyətli töhfə verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью