Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Aqrar potensialı yüksək olan bölgə
Heydər Əliyevin 45 il bundan əvvəl Xaçmaza səfəri zamanı söylədiyi “Xaçmaz Azərbaycanın ən gözəl guşələrindən biridir. Burada təbiət də gözəldir, torpaq da münbitdir və bunların hamısından daha əhəmiyyətlisi odur ki, buranın insanları zəhmətkeşdir” fikrini yaşlı nəslin nümayəndələri yaxşı xatırlayır. 1939-1940-cı illərdə Samur–Abşeron kanalının xaçmazlıların fiziki qüvvəsi ilə – bel və külünglə qazılması hadisəsi də unudulmayıb. Bölgəyə səfərimiz zamanı Ulu öndərin Xaçmaz və xaçmazlılar barədə fikirlərinin nə qədər dəqiq olduğuna şahidlik etdik. Amma səfərimizin məqsədi Xaçmazın maraqlı keçmişi ilə bağlı araşdırma-reportaj hazırlamaq deyil, 2026–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan aqrar layihələrin bölgədə reallaşması vəziyyəti ilə oxucuları tanış etməkdir.
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli sərəncamı ilə “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Sözügedən Dövlət Proqramı ölkənin aqrar siyasətində yeni inkişaf mərhələsinin əsas strateji sənədlərindən biri hesab olunur. Dövlət Proqramında nəzərdə tutulan perspektivli layihələrin maliyyələşdirilməsi məqsədilə 2026-2030-cu illərdə dövlət büdcəsindən 2 milyard manata yaxın vəsaitin xərclənməsi nəzərdə tutulur.
Xaçmaz Rayon İcra Hakimiyyətindən aldığımız məlumata əsasən, hazırda rayonda 57 min hektar əkinəyararlı torpaq sahəsi var ki, onların 27 min hektara yaxını meyvə bağlarıdır. 18 min hektardan artıq sahədə isə payızlıq dənli bitkilər əkilib. Digər 12 min hektarda müxtəlif kənd təsərrüfatı məhsulları becərilir. Bağlardan yığılan məhsulların itkisiz saxlanılması üçün rayon ərazisində ümumi tutumu 39,8 min ton olan 14 soyuducu anbar inşa edilib. Bundan başqa, rayonda 5 fındıq emalı müəssisəsi və 20 fındıq qəbul məntəqəsi fəaliyyət göstərir. Bütün bunlarla yanaşı, aqrar sahədə bəzi çətinliklər də mövcuddur. Keçən ay Xaçmaz Rayon İcra Hakimiyyətində yerli fermer və sahibkarların iştirakı ilə Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün görüləcək işlərin müzakirə olunduğu geniş toplantı keçirilmişdir. Toplantıda yeni və perspektivli layihələrin icrası zamanı qarşıya çıxa biləcək çətinliklər və onların aradan qaldırılması yolları ətrafında geniş fikir mübadiləsi aparılmış, istehsalçılara məhsuldarlığın və keyfiyyətin artırılması istiqamətində müvafiq təlimatlar verilmişdir.
Məhsuldarlığı artırmaq yolları
Aqrar sektorun inkişafının istiqamətləri, diqqət yetirilməli strateji sahələr Dövlət Proqramında öz əksini tapıb. Bu barədə fikirlərini bizimlə bölüşən Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İslahatı Mərkəzinin (DAİM) sədri Azər Haqverdiyev bildirdi ki, Dövlət Proqramında konkret istiqamətlər üzrə qarşıya qoyulan vəzifələrə uyğun olaraq Xaçmazda hazırda gündəmdə və aktuallıq kəsb edən əsas məsələlər taxılın məhsuldarlığının qaldırılması, intensiv bağların salınması, heyvandarlığın, balıqçılığın inkişaf etdirilməsidir:
– Bu məqsədlə bütün imkanlarımızı səfərbər etmişik. Aydın məsələdir ki, qarşıda duran əsas vəzifələrdən biri, son hədəfimiz məşğulluğun artırılması, əhalinin rifah halının daha da yaxşılaşdırılmasıdır. Bundan ötrü Dövlət Proqramında nəzərdə tutulan bütün sahələr üzrə yüz faizlik hədəfə çatmaq lazımdır. Hazırda mərkəzimiz tərəvəzçilik, bağçılıq, heyvandarlıq, quşçuluq, balıqçılıq, fındıqçılıq üzrə fermerlərdən, sahibkarlardan yeni təklif və layihələri toplayıb, onları təsnifatlandırmaqla məşğuldur. Sonra təkliflər paketini icra hakimiyyətinə təqdim edəcəyik. Misal olaraq deyə bilərəm ki, balıqçılıqla məşğul olan iki təsərrüfatdan, fındıqçılıq üzrə bir sahibkardan aldığımız yeni layihələr, təklif və təşəbbüslər üzərində iş gedir.
Taxılçılıq inkişaf edir
“Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır”.
Prezident İlham Əliyev bu sözləri kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib. Xaçmaz əsasən meyvə-tərəvəz rayonu sayılsa da, burada yüksək keyfiyyətli buğda və arpa növləri də becərilir. DAİM sədri fermerlərlə, sahibkarlarla görüşlərində onları taxılçılığa təşviq etməyə çalışdıqlarını vurğuladı:
– Rayonumuzda taxılın məhsuldarlığını hektardan 50 sentnerə çatdırmaqdan ötrü bu sahədə çalışan əkinçilərlə görüşlərimizdə onları maraqlandıran məsələlərə aydınlıq gətirməyə, üzləşdikləri çətinliklərin həll yollarını birlikdə tapmağa çalışırıq. Düzdür, hava şəraitindən asılı olaraq məhsuldarlıq göstəricisi dəyişə bilir. Misal üçün, keçən il bir hektardan orta hesabla cəmi 34,6 sentner taxıl götürülüb. Amma hektardan 4,5 – 5 ton alan təsərrüfatlarımız da var.
A.Haqverdiyev yerli fermer və sahibkarların daha çox bağçılığa və heyvandarlığa üstünlük verdiklərini dedi və bunun səbəbini belə açıqladı:
– Fermerlər məhz bu sahələrdən daha çox gəlir əldə edəcəklərini düşünürlər. Onlardan bəziləri islahat dövrü üçün torpaq sahələrini genişləndirir, digərləri isə müxtəlif təyinatlı torpaqları birləşdirərək, yeni meyvə bağları salırlar. 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramında taxılçılığın inkişaf etdirilməsi üçün əlavə vəsaitin yönəldilməsi nəzərdə tutulub ki, bundan da məqsəd yerli tələbatın maksimum ödənilməsinə nail olmaqdır. Bəli, cənab Prezident taxılçılıqda məhsuldarlığın artırılmasını milli-strateji, prioritet məsələ kimi qarşıya qoyub. Bu sahəyə maraq göstərən istehsalçılarla görüşlərimizdə taxılçılıqda uğur qazanmağın, gəlir əldə etməyin perspektivi barədə təbliğata üstünlük veririk. Artıq bu istiqamətdə də canlanma hiss olunmaqdadır.
Prezident İlham Əliyevin sədrliyi ilə cari il mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə əsas müzakirə mövzularından biri də suvarma infrastrukturunun yenilənməsi və mövcud su ehtiyatlarından səmərəli istifadə idi. Söhbət əsnasında DAİM rəsmisinə bu məsələni də xatırladaraq, Xaçmazda bağların, tərəvəz sahələrinin suvarılmasında yerli sahibkarların üzləşdikləri problemlə maraqlandıq. A.Haqverdiyev iki il əvvələ qədər belə bir problemin olduğunu etiraf etdi:
– Bəli, məhsulun yetişdiyi iyun, iyul və avqust aylarında təsərrüfatlar suvarmada problem yaşayırdılar. Doğrudur, burada təbiətin şıltaqlığı amili də var. Amma son iki ildə məsələ öz həllini tapıb. Problem yeni sututarlarının yaradılması və torpaq kanallarının betonlaşdırılması hesabına aradan qaldırılıb. Bizim strateji layihəmizdə suyu bol olan Qudyalçay, Qaraçay və Vəlvələçayın üzərində yeni sututarlarının inşası nəzərdə tutulub.
Tərəvəzçilik öndədir
Xatırladaq ki, dövlətimizin başçısı məlum müşavirədə Azərbaycanın özünü tərəvəzlə 107 faiz təmin etdiyini, 214 min ton isə ixraca getdiyini söyləmişdi. Prezident çıxışında daxili istehsalın həcminin 1 milyon 770 min ton olduğunu da nəzərə çatdırmışdı. Əminliklə deyə bilərik ki, daxili bazarda məhsul bolluğunun yaradılmasında, əlbəttə ki, özünün keyfiyyətli tərəvəz məhsulları ilə tanınan Xaçmaz rayonunun xüsusi payı var.
Dörd il üçün nəzərdə tutulmuş Dövlət Proqramı fermer və sahibkarların fəaliyyətinin daha səmərəli təşkilinə xidmət edən vacib mexanizm rolunda çıxış edir. Bu çərçivədə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, aqrar məsləhət xidmətlərinin gücləndirilməsi və gəlirliliyin artırılması istiqamətində daha əlverişli şəraitin formalaşdırılması hədəflənir. Nəticə etibarilə, fermerlər üçün risklərin azaldılması və investisiya imkanlarının genişlənməsi təmin olunur. Dövlət dəstəyinin genişləndirilməsi istehsal həcminin artmasına, məhsulun keyfiyyətinin yüksəldilməsinə təkan verməklə yanaşı, yeni investisiyaların cəlb olunmasına da münbit şərait yaradır. Bu yanaşma kənd yerlərində fermerlərin, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsinə töhfə verir.
Yuxarıda qeyd etdiyimiz kimi, Xaçmazda balıqçılıqla məşğul olan bir neçə sahibkar mövcud təsərrüfatların genişləndirilməsi, eləcə də yeni akvakultura təsərrüfatların yaradılması təşəbbüsünü irəli sürüblər. Bu barədə bizə məlumat verən DAİM sədri A.Haqverdiyevin sözlərinə qüvvət olaraq onu da oxucuların nəzərinə çatdıraq ki, sahənin mütəxəssisləri təsərrüfatlarda süni intellekt texnologiyalarının tətbiq olunması sayəsində balıq məhsullarının Avropa bazarlarına çıxarılmasını mümkün hesab edirlər. Maraqlı təklifdir və fikrimizcə, test məqsədilə süni intellektin yönəldəcəyi bir pilot təsərrüfatın qurulması heç də pis ideya deyil. Axı müasir dövrdə aqrar sektorun da inkişafı rəqəmsal texnologiya ilə birbaşa bağlıdır. Bu baxımdan, “ağıllı kənd təsərrüfatı” həlləri, əkin sahələrinin peyk monitorinqi və rəqəmsal xəritələşdirmə resurslardan daha səmərəli istifadə imkanları yaradır. Müasir texnologiyaların tətbiqi bir tərəfdən torpaq və su ehtiyatlarından optimal istifadəyə şərait yaradır, digər tərəfdən xəstəlik və zərərvericilərə qarşı mübarizəni gücləndirir və son nəticədə keyfiyyətli məhsul istehsalını artırır. Xüsusilə intensiv bağçılığın inkişaf etdiyi Xaçmazda damcılı suvarma sistemlərinin tətbiqi su resurslarına qənaət və məhsuldarlığın yüksəldilməsi baxımından əhəmiyyət daşıyır. Bu kontekstdən yanaşdıqda onu da deməliyik ki, su və torpaq ehtiyatlarının səmərəli istifadəsi gələcək nəsillər üçün strateji prioritet sayılır. Aqrar sahədə rəqəmsallaşma prosesinin genişləndirilməsi istehsalın idarə olunmasında şəffaflığın və operativliyin artırılmasına xidmət edir. Bu isə kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin gücləndirilməsi və ixrac potensialının artırılması baxımından strateji əhəmiyyət kəsb edir.
Bu barədə bizimlə fikirlərini bölüşən Xaçmaz DAİM-in sədri A.Haqverdiyev hesab edir ki, aqrar siyasətdə tətbiq olunan dəstək alətləri bu sektorun uzunmüddətli dayanıqlılığının təmin edilməsinə yönəldilib:
– Bu yanaşma yalnız istehsal mərhələsini deyil, həm də dəyər zəncirinin bütün halqalarını əhatə edərək kənd böyük təsərrüfatında sistemli inkişaf modelinin formalaşmasına xidmət edir. Məhsulun tarladan son istehlakçıya qədər uzanan istehsal-emal-qablaşdırma-istehlakçı zəncirinin bütün mərhələlərində əlavə dəyərin yaradılması aqrar sektorun inkişaf dinamikasını gücləndirir. Əlbəttə, bu prosesdə emal, qablaşdırma, logistika və marketinq böyük əhəmiyyət kəsb edir.
Qlobal bazara çıxış
Xaçmazın adı çəkiləndə əksəriyyətin yadına pomidor, xiyar, bibər, şaftalı, çiyələk və bir də fındıq düşür. Bəli, bu bölgədə fındıqçılıq sahibkarların daha çox üz tutduqları sahələrdən biridir. Elə yerli əhali üçün də fındıq uzun müddətdir ki, sabit və davamlı gəlir mənbəyi olaraq qalmaqdadır. Az qulluq və az xərc tələb edən fındığın soyuducu olmadan uzun müddət saxlanması da sahəyə maraq yaradan əsas amillərdən hesab olunur. Emal olunmuş və qablaşdırılmış keyfiyyətli fındıq beynəlxalq bazarlarda daha yüksək rəqabət qabiliyyətinə malik olmaqla ixrac imkanlarının genişlənməsinə də şərait yaradır. Xaçmaz fındığı bir sıra xarici bazarlarda rəqabət qabiliyyətini qorumaqla yanaşı, yüksək keyfiyyət göstəriciləri ilə seçilir. Rayonun əlverişli iqlim şəraiti, təbii istehsal xüsusiyyətləri məhsulun dərmansız, tam orqanik yetişməsini təmin edir.
“Azhazelnut” MMC (Azhazel) 2002-ci ildən fəaliyyət göstərən, fındıq emalı və ixracı sahəsində ixtisaslaşmış şirkətdir. Şirkətin təklif etdiyi yeni layihəyə məhsul tutumu 5 min ton, işçi sayı 70 nəfər olan 4220 kvadratmetr sahədə soyuducu-anbarın inşası, eləcə də müasir texnologiya ilə təchiz edilmiş, 1200 kvadratmetr ərazidə 150 nəfərin çalışacağı fındıq emalı zavodunun tikintisi daxildir. Ümumi smeta dəyəri 7 milyon manat həcmində investisiya qoyuluşunu nəzərdə tutan bu perspektivli layihə 100 faiz şirkət tərəfindən maliyyələşdiriləcək.
Həmsöhbətimiz “Azhazelnut” MMC (Azhazel) sirkətinin sahibi Malik Heydərov deyir ki, Azərbaycan fındığı geniş ixrac potensialına malikdir və ölkənin qeyri-neft ixracında önəmli yeri tutmağa iddialıdır:
– Xaçmazda emal olunan fındıq məhsulunun 90 faizi xarici bazara göndərilir. Azərbaycan bu məhsulun həcminə və keyfiyyətinə görə, dünyada fındıq istehsalı ilə məşğul olan 10 ölkə arasında 4-cü yerdədir. Bu strateji məhsul nə soyuducu, nə də xüsusi şəraitdə saxlanma tələb edir. Bəli, bu gün Avropada, ərəb ölkələrində bizim məhsulumuza tələbat var. Amma günlərin bir günü xarici bazarda tələbatın azalması, hazır məhsulun realizəsində çətinliklərlə üzləşə bilərik. Bunu nəzərə alan qardaş Türkiyədə fındıq üçün “İç bazar” sistemi fəaliyyət göstərir. Yəni istehsal edilmiş məhsula daxili bazarda tələbatın yaradılması barədə düşünüblər. Orada iki-üç ilin məhsulu rahatlıqla satışa çıxarılır. Bəs biz yerli bazarda öz fındığımıza tələbatı necə təşviq edə bilərik? Bunun bir üsulunu deyə bilərik. Bu yaxınlarda Tatarıstanda keçirilən məhsul sərgisində Azərbaycanın tanınmış kulinarı, Dünya Kulinariya Mədəniyyəti Ustası Tahir Əmiraslanovla görüşdük. Mən ona dünya təcrübəsindən misal gətirərək dedim ki, Almaniyada üyüdülmüş fındıq tozundan uşaq qidalarında qatqı kimi istifadə olunur. Eləcə də, onlar müəyyən yeməklərin hazırlanması zamanı üyüdülmüş fındığı menyuya əlavə edirlər. O, buna çox müsbət yanaşdığını, faydalı ola biləcəyini söylədi.
Həqiqətən də, dərmansız becərilən fındıqdan niyə mətbəximizdə istifadə olunmasın? Hesab edirik ki, bu məsələ barədə həm qida mütəxəssislərinin, həm də istehlakçıların düşünməsi təkcə istehsalçı deyil, həm də istehlakçı üçün faydalı olar.
M.Eldarov fikirlərini davam etdirərək onu da bildirdi ki, artıq şirkət fındıqüyüdən mini-fabrik qurmaq barədə düşünür. Buna sevindik və düşündük ki, Dövlət Proqramı çalışdığı sahədə daim inkişaf etməyi, gəlirlərini artırmaq üçün gələcəyi düşünən belə praqmatik sahibkarlardan ötrü bütün zəruri şəraiti yaradır.
Təşviqedici proqram
Bu gün yerlərdə tərəddüd edənlər dövlətin yaratdığı geniş imkanlardan maksimum yararlanmaq üçün qollarını çırmayıb işə başlamalıdırlar. Yəni indi fürsəti qaçırmamaq, təminatlı gələcəyin bünövrəsini yaratmaq barədə düşünməyin məqamıdır. Qarşıdakı dörd il üçün nəzərdə tutulan Dövlət Proqramı aqrar təhsil və insan kapitalının inkişafına da xüsusi önəm verir. Bu sahədə müasir bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması məqsədilə beynəlxalq tərəfdaşlıq əsasında birgə universitetin yaradılması, ikili diplom proqramlarının genişləndirilməsi, Mükəmməllik mərkəzlərinin yaradılması və informasiya-məsləhət xidmətləri şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur. Bu tədbirlərin aqrar sahədə elmi potensialın gücləndirilməsinə və innovativ yanaşmaların tətbiqinə mühüm töhfələr verəcəyinə şübhə yoxdur. Proqramda, həmçinin rəqəmsal idarəetmənin gücləndirilməsi, inkişaf etdirilməsi və süni intellekt əsaslı həllərin tətbiqi də nəzərdə tutulur. Bu yeniliklər aqrar sektorda qərarların yoxlanılmış, daha səhih məlumatlar əsasında qəbul edilməsinə və dövlət dəstəyinin daha effektiv şəkildə həyata keçirilməsinə imkan yaradacaq.
Bu standartlar məhsulların ixrac bazarlarına çıxışını asanlaşdırmaqla yanaşı, eyni zamanda, istehlakçı etimadını da artıracaq. Ən vacib məsələ isə yeni aqrar layihələrin regionlarda məşğulluğun artırılmasına, yeni iş yerlərinin yaradılmasına və əhalinin sosial rifahının yüksəldilməsinə töhfələr verəcək. Regionlarda, kənd yerlərində sahibkarlığın inkişafına dövlətin dəstəyi, subsidiya mexanizmləri, stimullaşdırıcı tədbirlər maliyyə alətlərinin genişləndirilməsi ilə birbaşa əlaqəlidir. Dövlət Proqramına ayrılan vəsaitin həm istehsalın, həm də məşğulluğun artmasına şərait yaradacağına böyük ümidlər verir.
Kənddə yeni mərhələ
2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı iqtisadiyyatın, kənd təsərrüfatının, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, bu sahəni yerli və xarici investorlar üçün cəlbedici etməkdən ötrü qarşıya ciddi və nəticəyönlü vəzifələr qoyub. İndi əsas məsələ həmin vəzifələri gələcəyə yönəlik işgüzarlıq və məhsuldarlığın artırılmasını təmin edəcək məqsədyönlü fəaliyyətlə yerinə yetirməkdir. Bu zaman Azərbaycan hökuməti üçün əməkqabiliyyətli əhalinin məşğulluğunun yeni istehsal, emal, qablaşdırma müəssilərinin hesabına artırılması ən mühüm, öndə gələn prioritetlərdən sayılır. Ümumilikdə, yaxın 4 ili əhatə edən Dövlət Proqramı kənd təsərrüfatının müxtəlif sahələrində yeni inkişaf mərhələsinin əsasını qoymağa hesablanıb.
Biz Xaçmazda bu mərhələnin bünövrəsinə ilk kərpiclərin necə düzüldüyünün şahidi olduq. Hədəf isə Dövlət Proqramında aydın və dəqiq göstərilib: ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə və ixrac potensialının genişlənməsinə öz töhfəsini verəcək rəqabətədavamlı, keyfiyyətli məhsul istehsalının artırılması, əhalinin rifah halının yüksəldilməsi.
Azərbaycan Prezidenti İlham Əliyev son 23 ildə Xaçmaz rayonuna 8 dəfə səfər etmiş və bu səfərləri zamanı müxtəlif sənaye və sosial obyektlərin açılışlarını həyata keçirmişdir. “Mən Xaçmaz rayonunun timsalında bu gün Azərbaycanda apardığımız siyasətin nəticələrini görürəm”. Dövlətimizin başçısının on il bundan əvvəl Xaçmaza növbəti səfəri zamanı söylədiyi bu fikir təkcə bir rayonda deyil, ölkənin bütün bölgələrində gedən dinamik inkişafı, əhalinin yüksək rifah halını təmin edən dövlət siyasətinin uğurla həyata keçirilməsini ehtiva edir.
P.S. Əsrarəngiz təbiətə malik Xaçmazın Nabran–Yalama zonası Xəzər dənizi sahilində yerləşən kreaktiv təyinatlı istirahət zonasıdır. Qumsal çimərlikdən dərhal sonra qalın meşənin başlaması təbiətin möcüzəsidir. Yay mövsümündə buraya ilk dəfə dincəlməyə gələnləri bu sual mütləq maraqlandırır: nesə olur ki, dənizin şor suyu ağacları qurutmur? Güman edirik ki, bu sualın cavabı, eləcə də Xaçmazın turizm potensialının miqyası növbəti məqaləmizin mövzusu olacaq...
İmran BƏDİRXANLI
XQ
Bakı – Xaçmaz – Bakı