Icma.az bildirir, Azertag portalına istinadən.
Xaçmaz, 6 noyabr, AZƏRTAC
Xaçmaz rayonunda leysan yağışları və selin fəsadlarının aradan qaldırılması istiqamətində bərpa-tikinti işləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görülən işlər çərçivəsində Aşağı Zeyid–Bərqov kəndlərini birləşdirən avtomobil yolunun Caqacuq çayı üzərindən keçən hissəsində iki aşırımlı yeni körpü inşa olunur.
Layihəyə əsasən, körpüyə yanaşma yollarının, həmçinin çay sularının axınının tənzimlənməsinə xidmət edən su nizamlayıcı qanadların bərpası nəzərdə tutulur.
Rayonda yol infrastrukturunun bərpası istiqamətində tədbirlər Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
Həyata keçirilən tədbirlərin əsas məqsədi yol infrastrukturunun dayanıqlılığını artırmaq, sel sularının yarada biləcəyi fəsadların qarşısını almaq və vətəndaşların təhlükəsiz, fasiləsiz hərəkətini təmin etməkdir.
Müxbir – Elxan Yusifli