Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xaçmaz rayonunda futbol üzrə regional turnir sona çatıb.
"Football-plus.az" xəbər verir ki, iyunun 5-də Yeni Həyat qəsəbə stadionunda şəhidlərin xatirəsinə həsr olunmuş futbol üzrə regional turnirin final matçı keçirilib. Oyundan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Finalda Xaçmazın Qadaşoba və Qusarın Quxuroba komandaları qarşılaşıb. 2000-dən çox azarkeşin izlədiyi, gərgin və güzəştsiz mübarizə şəraitində keçən oyun 1:0 hesabıyla Qadaşoba komandasının xeyrinə başa çatıb.
Bağlanış və təltifetmə mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Şahbazov, Şimal Regional Futbol Federasiyasının prezidenti Fəxrəddin Həsənov və digər rəsmi şəxslər iştirak edib.
Mükafatçı yerlərin sahibləri Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təsis etdiyi diplomlar, Şimal Regional Futbol Federasiyasının medalları ilə təltif edilmiş, qalib komandaya isə diplom və medallarla yanaşı, çempionatın kuboku təqdim edilib. Həmçinin, müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçular hədiyyələr və fəxri fərmanlarla təltif edilib.
Xatırladaq ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Şimal Kəndli Gənclər Birliyi FK və Şimal Regional Futbol Federasiyasının birgə təşkilatçılığı ilə mayın 7-də startı verilən regional turnirdə hər qrupda 3 komanda olmaqla, 24 komanda mübarizə aparıb. Final matçından əvvəl 3-cü yer uğrunda oyun keçirilib, Yalama komandası Gödəkli komandasına qalib gəlib - 3:1.